Əli Əhmədov: "Azərbaycanın yaşadığı ağrılara lazımi diqqət göstərmədilər"

Bu gün Beynəlxalq Muğam Mərkəzində 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir öncəsi jurnalistlərin suallarını cavablandıran Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov bildirib ki, tədbirin keçirilməsində məqsəd qaçqınların həyatı tərzi ilə yaxından tanış olmaqdır: "Bildiyiniz kimi, hazırkı vaxta qədər dünyada 68 milyondan çox qaçqın və məcburi köçkün mövcuddur. Bunun üçdə ikisi məhz məcburi köçkündür. Azərbaycanda məcburi köçkünlərin olmasına səbəb 20 faiz ərazisinin erməni silahlı qüvvələri tərəfindən öz doğma yurdlarını tərk etmiş insanlardır".

 

Tədbirin əvvəlində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınlarla birgə dayanın" qlobal kampaniyası çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib, dünyadakı qaçqınların yaşadığı iztirabı və ümumi vəziyyəti əks etdirən tamaşa göstərilib.

 

Daha sonra BMT-nin Qaçqınlar üzrə ALi Komissarı Filippo Qrandinin video müraciəti təqdim olunub.

 

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirib ki, hazırda Azərbaycanda 10 nəfərdən biri qaçqın və məcburi köçkündür: "Ədalətsizlik, separatizm, başqalarının ərazilərinə göz dikmək halı olmasaydı, dünyanın baş ağrısına çevrilmiş qaçqın və məcburi köçkün problemi belə ağır olmazdı. Etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və köçkünə çevrilməsinə biganə yanaşılan zaman düşünülməli idi ki, bu problem gələcəkdə bütün dünya üçün bir bəlaya çevriləcək. Bu ağrını üzərində hiss etməyən ölkələr Azərbaycanın yaşadığı ağrılara lazımi diqqət göstərmədilər. Nəticədə vaxtilə Azərbaycanı titrədən bu problem indi dünyanı silkələməyə, məhvərindən çıxarmağa qadir problemə çevrilib”.

 

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bundan sonra da qaçqın və köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qaçqın probleminin qlobal problem olduğunu  və qlobal yanaşma tələb etdiyini xüsusi qeyd edib. O  bildirib ki, indi əsas diqqət qaçqın probleminin səbəblərinə deyil, nəticələrinə  yönəldilib.

 

Tədbirin sonunda məcburi köçkün gənclərin təqdimatında rəqs nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Leyla Behbudlu

OXŞAR XƏBƏRLƏR