Bakıda maşınlardan oğurluq edən şəxs saxlanıldı - DİN-DƏN MÜRACİƏT

Paytaxtda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi rayon sakini Sadiq Əliyev Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edərək, avtomobilinin şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin salonunda olan mobil telefonunun naməlum şəraitdə oğurlandığını bildirib.

 

Eyni məzmunlu şikayət ərizəsi ilə bölməyə daha 14 avtomobil sahibi müraciət edərək maşınlarından pul, mobil telefon, səsgücləndiricilər, maqnitofonlar və digər qiymətli əşyaların oğurlanması barədə məlumat veriblər.

 

5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb. O, ifadəsində etdiyi əməli etiraf edib. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs avtomobillərin salonlarında sahibləri tərəfindən saxlanılan və gözlə görünən qiymətli əşyaları oğurlamaq məqsədilə maşınların şüşələrini qırdığını bildirib.

 

 

Faktla bağlı cinayət işi başlanıb, əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meylli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR