Azərbaycan XİN: "Paşinyanın dedikləri qeyri-konstruktiv açıqlamadır"
"Ermənistanın yeni rəhbərliyi tərəfindən münaqişə ilə əlaqədar verilmiş açıqlama mövcud "status-kvo"nun saxlanılmasına, danışıqlar prosesinin pozulmasına yönəlmiş qeyri-konstruktiv bir açıqlamadır".
APA TV-nin məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ adından danışıqlar aparmaq hüququnun olmadığı ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
H.Hacıyevin sözlərinə görə, danışıqlar prosesi əvvəlcədən müəyyən edilmiş format və aspektlər üzrə aparılmalıdır: "Formatı məhz Minsk qrupu prosesi təşkil edir, Azərbaycan və Ermənistan da Minsk qrupunun üzvləridirlər və bilavasitə danışıqlar prosesi də Bakı və Yerevan səviyyəsində aparılır. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün isə ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ümumiyyətlə danışıqlar prosesində Ermənistanın məsuliyyəti aydındır, belə ki Ermənistan Azərbaycan ərazilərini işğal edib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirməsi Ermənistanın münaqişə tərəfi kimi beynəlxalq məsuliyyətini müəyyən edir".
XİN rəsmisi Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaxın perspektivdə görüşün reallaşma ehtimalını dəyərləndirib: "Hazırda belə bir müzakirələr aparılmır və belə bir təkliflər də daxil olmayıb, amma Azərbaycanın mövqeyi bu məsələdə aydındır. Görüşlər görüş və imitasiya naminə aparılmamalı, görüşlər konkret gündəlik əsasında həyata keçirilməlidir. Azərbaycan münaqişənin həlli ilə əlaqədar qeyd etdiyimiz kimi substantiv və intensiv danışıqlara hazırdır, amma burada da əsas hədəf Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına doğru yönəlməlidir".
H.Hacıyev qeyd edib ki, ölkəmizin danışıqlar prosesindəki mövqeyi qəti və birmənalıdır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq