Makedoniyanın adı yaxın günlərdə dəyişə bilər - SƏBƏB
Makedoniya Respublikasının adı yaxın günlərdə dəyişə bilər. APA TV-nin məlumatına görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kocias bildirib.
Nazir Makedoniya ilə davam edən "ad problemini" diqqət və səbirlə müzakirə etdiklərini qeyd edib. "Ciddi bir "bəli" və ya "xeyr" dövründə Makedoniya hökuməti bəzi çətinliklərin fərqinə varıb. Önümüzdəki bir neçə gündə problemin həll olunacağına inanıram" - deyə o bildirib.
Nikos Kocias BMT-nin xüsusi nümayəndəsi Metyu Nimetzin təklif etdiyi 5 addan "Yeni Makedoniya", "Yuxarı Makedoniya" və "Şimali Makedoniya" variantlarının hələ masada olduğunu deyib.
Makedoniyanın baş naziri Zoran Zaev də dünənki açıqlamasında həll variantının yaxında olduğunu demişdi.
Qeyd edək ki, dünya ölkələri Makedoniyanı "Makedoniya Respublikası" olaraq tanıyır. Yunanıstan öz sərhədləri daxilində Makedoniya adlı bölgə olduğuna görə ölkənin adının dəyişdirilməsini tələb edir. Makedoniya Respublikası müstəqil olduğu 1991-ci ildən bəri cənub qonşusu Yunanıstanla davam edən ad probleminə görə Avropa Birliyinə və NATO-ya üzv ola bilmir.
Makedoniya 1993-cü ildə səs çoxluğu ilə BMT-yə üzv olub. Ancaq Yunanıstanın etirazı səbəbindən müvəqqəti olaraq adı "Keçmiş Yuqoslaviya Cümhuriyyəti Makedoniya" (FYROM) adı ilə qəbul olunub.
Yunanların bir çoxu məsələnin təkcə ad deyil, tarix və mədəniyyətə bağlı olduğunu düşünür, Skopye hökumətini "Makedon kimliyini" oğurlamaqda günahlandırır. Antik Makedoniya kralı olan İsgəndərin mirası iki ölkə arasında ciddi rəqabət sahəsinə çevrilib.
Ötən il başlanan müzakirələrə etiraz olaraq paytaxt Afinada yüz minlərlə yunanın qatıldığı nümayişlər keçirilib. Sorğulara görə, Yunanıstanda xalqın böyük qismi qonşu ölkə üçün içində "Makedoniya" sözü olan yeni bir ad istəmir.
Makedoniya Respublikasının Avropanın nüfuz dairəsində qalmasını istəyən Almaniya başda olmaq Avropa Birliyi ölkələri isə məsələnin həllinə çalışırlar.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq