Aziz Yıldırımın getməsinə sevinən "Fənərbaxça" fanatı halva paylayıb

Türkiyənin Bursa vilayətinin İnegöl bölgəsində "Fənərbaxça" futbol klubunun tərəfdarı olan İsmail Ünsal adlı şəxs klubun sabiq prezidenti Aziz Yıldırımın seçimlərdə məğlubiyyətindən sonra ətrafdakılara halva paylayıb.

APA TV-nin "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, İ.Ünsal ticarət mərkəzlərinin birindəki mağazasının qarşısında hazırlatdığı mannı halvasına gəlib-gedənləri də qonaq edib. Mağazanın qarşısında "Gülə-gülə Aziz Yıldırım" plakatını asan Ünsal həmin bir ləyən halvanın üstünə fısdıqlarla "Aziz" adını da yazdırıb. Onun payladığı halvaya toplaşanlar çox olduğundan qısa zamanda mağazanın qarşısında kiçik izdiham da yaşanıb.

"Fənərbaxça" pərəstişkarının sözlərinə görə, bunu əvvəlcədən niyyət edibmiş:

"Klubda bir dəyişikliyə ehtiyac var idi. Dəyişiklik bir az gecikdi, amma şükürlər olsun. Aziz başqana da bu zamana qədər göstərdiyi xidmətlərinə görə təşəkkür edirik, artıq vaxtı bitib. Ali Koça da yeni vəzifəsində uğurlar arzu edirik. Aziz Yıldırım uzun müddətdir bu vəzifədəydi, artıq getməli olduğunu düşünürdük. Buna görə də hələ bir neçə il öncə Aziz başqanın vəzifədən gedəcəyi gün halva paylayacağıma söz vermişdim, bu gün də sözümü tutdum".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR