FHN Akademiyasının 10 illik yubileyi qeyd olunub

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının yaradılmasının 10 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.  

 

APA TV-nin məlumatına görə, Akademiyanın inzibati binasında keçirilən tədbirin iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

 

Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov qonaqları Akademiyanın binası və tarixini əks etdirən guşələrlə tanış edib.

 

Daha sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əsas sıra meydanında məzun və kursantları salamlayıb. Dövlət himni səslənib, məzun və kursantların iştirakı ilə təntənəli keçid olub.

 

FHN Akademiyasının akt zalında keçirilən mərasimdə Akademiyanın rəisi Pənah Süleymanov "Akademiyamız 10 ildə" mövzusunda məruzə ilə çıxış edib. P.Süleymanov deyib ki, FHN Akademiyasının ötən 10 il ərzində bakalavr səviyyəsi üzrə 592, magistratura səviyyəsi üzrə 7 məzunu olub. Hazırda Akademiyada iki ixtisas üzrə 391 bakalavr, 26 magistr təhsilini davam etdirir. O, həmçinin gələcəkdə Akademiyanın bazasında Beynəlxalq Tədris və Təlim Mərkəzi yaradılacağına ümid etdiyini vurğulayıb. 

 

Tədbirdə çıxış edən Akademiyanın kursantı Ülvi Şəkizadə onlara bəslənən etimadı doğruldacaqlarını söyləyib.

 

Sonra qonaqların təbrik və çıxışları olub. BMT-nin Fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov, Belarus fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Xudaleyev və Rusiya fövqəladə hallar nazirinin Mülki Müdafiə Akademiyasının rəisi Viktor Pançenkov FHN Akademiyasının 10 illiyi münasibətilə öz təbriklərini çatdırıblar.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov isə təhsil naziri Ceyhun Bayramovun təbrikini oxuyub.

 

Daha sonra çıxış edən nazir Kəmaləddin Heydərov FHN Akademiyasının kollektivini təbrik edib, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib: "Ümummilli lider Heydər Əliyev elm və təhsilin inkişafı istiqamətində mühüm addımlar atıb. Bu gün bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarla son 15 ildə təhsilin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ciddi işlər görülüb. Təhsilin inkişafında birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu var".

 

Təbii sərvətlərlə müqayisədə insan kapitalının cəmiyyətin inkişafında daha əhəmiyyətli və əsas rol oynadığını vurğulayan fövqəladə hallar naziri qeyd edib ki, xüsusi təhsilli kadrlara ehtiyac nəzərə alınaraq, prezident İlham Əliyevin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə FHN Akademiyası yaradılıb: "10 il ərzində Akademiyanın tam formalaşması başa çatıb. 2013-cü il dekabrında prezident İlham Əliyev Akademiyanın binasının açılışında iştirak edib, Akademiyanın qarşısında duran vəzifələri müəyyənləşdirib. İnanıram ki, Akademiya bundan sonra da prezident və nazirliyin qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirəcək. Prezidentimizi əmin etmək istəyirəm ki, bu təhsil ocağının yetişdirdiyi məzunlar risklərin, fəlakətlərin qarşısının alınmasına öz mühüm töhfəsini verəcəklər".

 

Sonra FHN Akademiyasına həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Ardınca fövqəladə hallar nazirinin FHN Akademiyasının kollektivi ilə bağlı təltif və mükafatlarla əlaqədar əmrləri elan edilib.

 

Sonda təntənəli yığıncaq iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul edilib.

 

Daha sonra Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi reqlamenti imzalanıb. Sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov imzalayıblar.

 

FHN Akademiyasında keçirilən mərasimdən sonra qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, "Əbədi məşəl" abidə kompleksi önünə gül dəstəsi qoyublar.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR