Göyçayda sel aparan körpünün əvəzinə müvəqqəti yol salınır
Göyçay çayında müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb.
APA TV-nin xəbərinə görə, yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanacaq. Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.
Ötən gündən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadaları və ağır texnikaları əraziyə cəlb olunub. Hazırda ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.
Növbəti mərhələdə çay məcrasına dəmir-beton borular qoyularaq üzərində müvəqqəti yol salınacaq və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. Sel sularının kəsildiyi andan bu işlərin bir həftə ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.
Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.
Müvəqqəti yolun salınması ilə paralel olaraq yaxın müddət ərzində mövcud körpünün bərpasına da başlanacaq. Bunun üçün körpünün yuxarı hissəsində sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınması üçün suistiqamətləndirici beton bənd tikiləcək. Artıq bunun üçün ərazidə hazırlıq və mobilizasiya işləri aparılır.
Qeyd edək ki, iyun ayının 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, 76.6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub. Amma körpünün konstruksiyası olduğu kimi qalıb, yəni dayaqlarda çökmə prosesi getməyib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq