İsmayıllıda qadın 4 metr uzunluğunda sabun hazırlayıb

İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib. Bu maraqlı əl işi ilə o, "Ginnesin Rekordlar Kitabı"na düşmək iddiasındadır.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Mirəstə xanım bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib. Onun maraqlı təqdimatları rayon sakinləri və turistlər tərəfindən həmişə bəyənilib. Bu da Mirəstə xanımda yeni nailiyyətlər əldə etmək, yeni əl işləri hazırlamaq üçün həvəs yaradıb. Son olaraq o, uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb. Mirəstə xanımın televiziya kanallarında tez-tez nümayiş etdirilən müxtəlif əl işləri ilə "Ginnesin Rekordlar Kitabı"na düşənlərə baxaraq onda belə bir iddia yarandığını və həmin kitaba maraqlı sabun hazırlamaqla düşə biləcəyini deyib. Bu səbəbdən də yeni bir metoddan istifadə edərək sabun bişirməyə qərar verib.

 

Mirəstə xanım ilkin olaraq həyat yoldaşından 4 metr uzunluğunda dəmir lövhədən qəlib hazırlamasını istəyib. Sonra 1200-ə qədər xırda sabun hazırlayaraq onları həmin qəliblərə yığıb. Sabun qəlibi 4 hissədən ibarətdir. Hər qəlibə 10 vedrə bişirilmiş sabun töküb, bu sabunu bir neçə günə hazırlayıb. Sabunun bir qatı hazır olduqdan sonra onun 10 gün ərzində qurumasını gözləyib. Sonra digər üst qatı hazırlamaq üçün həmin prosesləri davam etdirib. Bu gün son tamamlama və üzləmə işlərini aparan Mirəstə Nəbiyeva bunun quruması üçün yenə 10 gün gözləyəcək. Daha sonra iddiasında olduğu "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün müraciət edəcək. O, belə bir sabunun bişirilməsinə görə dünyada bir ilkə imza atdığına əmin olduğunu bildirib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR