FHN çimərlik mövsümü ilə əlaqədar təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti təlim keçirib.

 

APA TV-nin xəbərinə görə, Bakı şəhəri Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzində baş tutan təlimdə Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Sumqayıt şəhər və Binəqədi rayon icra hakimiyyətlərinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Polis və Təhsil şöbələrinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri və çimərlik operatorlarının məsul şəxsləri iştirak ediblər.

 

Təlimin keçirilməsində əsas məqsəd çimərliklərdə və üzgüçülük hovuzlarında təhlükəsizliyə məsul şəxslərə su hövzələrində təhlükəsizlik və davranış qaydaları haqqında məlumat vermək, həmçinin sularda axtarış-xilasetmə işlərini praktiki olaraq nümayiş etdirmək olub.

 

Tədbirdə çıxış edən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini Elxan Cəbiyev Xidmətin fəaliyyət istiqamətlərindən, çimərlikdə təhlükəsizlik və davranış qaydalarından və həyata keçirilən müvafiq maarifləndirmə işlərindən danışıb.

 

Daha sonra “My Beach” istirahət mərkəzinin ərazisində canlı qüvvə və texnikanın iştirakı ilə təlim keçirilib. Təlimdə müasir standartlara cavab verən yeni xilasetmə texnika və avadanlıqları nümayiş olunub, suda şərti xilasetmə əməliyyatları keçirilib.

 

Sonda tədbir iştirakçılarına sularda təhlükəsizlik qaydalarına dair zəruri məlumatların əks olunduğu təbliğat materialları paylanıb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR