Rusiyalı jurnalist Ukraynada qətlə yetirildi - KÜRƏYİNDƏN GÜLLƏLƏNİB

Kiyevdə yerli ATR telekanalının aparıcısı olan Rusiya vətəndaşı Arkadi Babçenko qətlə yetirilib. APA TV-nin Ukraynanın “Obozrevatel” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN məlumat yayıb.

“Hadisə Kiyevin Dneprovsk rayonunun Nikolsko-Slobodskaya küçəsində baş verib. “102” xəttinə daxil olan məlumata əsasən, qadın mənzilə daxil olarkən ərinin ağır yaralandığını görüb. 42 yaşlı kişi kürək nahiyəsindən aldığı ağır xəsarətdən xəstəxanaya aparılarkən keçinib”, - deyə məlumatda bildirilir.

ATR telekanalının baş direktorunun müavini Aydər Mucabayev jurnalistin naməlum şəxs tərəfindən mənzilinin girişində güllələnərək qətlə yetirildiyini təsdiqləyb. Onun sözlərinə görə, jurnalist çörək almaq üçün mağazaya gedib, bu müddətdə qatil onu pilləkənlərdə gözləyib. A.Babçenko mənzilinə daxil olmaq istəyəndə isə arxadan ona bir neçə atəş açaraq ərazidən uzaqlaşıb.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Cinayətin təfərrüatları və motivi barədə hələlik açıqlama verilməyib.

Arkadi Babçenko Rusiyanın bir neçə tanınmış nəşrində (“Komsomolskaya Pravda”, “Novaya qazeta”) və telekanalında (“Pervıy Kanal”, “ТВЦ”) hərbi müxbir kimi çalışıb. Jurnalist 2016-cı ilin sonunda Rusiyadan Ukraynaya köçüb, Kiyevdə “ATR” telekanalının yayımladığı “Prime: Babçenko” proqramının aparıcısı olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR