Mirzə Əliyev: "İlin sonuna kimi fermerlərə 10 milyon manat kredit veriləcək"

Cari ilin sonuna qədər ilkin mərhələdə kənd təsərrüfatı sektorunda çalışanlara 10 milyon manat kredit ayrılacaq.

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

 

O qeyd edib ki,  kəndli və fermerlər bu kreditlərdən yararlana biləcəklər. Xidmət rəisi bildirib ki, artıq insanlar yaşadıqları kənd yaxud rayon yerlərindəki girovlardan istifadə edərək  güzəştli kreditlər əldə edə biləcəklər.

 

"Burada əvvəllər problem bundan ibarət idi ki, müvəkkil kredit təşkilatları yalnız paytaxtda,  böyük şəhərlərdə fəaliyyət göstərən kredit qurumları idi. Lakin indi, ölkəni əhatə edən iri banklarla çalışırıq. Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq".

 

Xidmət  rəisi bildirib ki, əvvəllər  kreditlərin götürülməsi üçün sənədlərin sayı çox olsa da, hazırda bu say minumuma endirilib.

 

"Əvvəllər müşahidələrimizlə görürdük ki, müvəkkil kredit təşkilatından asılı olaraq sənədlərin sayı 15, hətta 20-yə çatırdı. İndi isə o sənədlərin sayı təxminən 4-5-ə endirilib.

Eyni zamanda biz hazırda müxtəlif beynəlxalq qurumlarla işləyirik,  fermerlər üçün yeni təhlil modelləri hazırlayırıq". 

 

Mirzə Əliyev rəhbərlik etdiyi Dövlət Xidmətinin kəndli və fermerlərə verdiyi kredit ilə Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın inkişafına ayırdığı kreditlərin fərqini də  açıqlayıb. O qeyd edib ki, xidmətin ayırdığı kreditlər yalnız aqrar sahədə, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində çalışan şəxslər üçün nəzərdə tutulub.

 

"Bizim kreditlərin Sahibkarlığa Kömək Milli Fondu kreditlərindən fərqi ondadır ki, biz aqrar sahəni diqqətdə saxlayırıq.  Bizdə məbləğlər maksimal 200 min manata qədərdir. Çünki bu məbləğ kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına yönəldilib".

 

Verilən kreditlərə nəzarət mexanizmi də olacaq.

 

"Bu gün kreditləşmədə ən böyük problem ondan ibarətdir ki, insanlar kreditləri təyinatı üzrə istifadə etmirlər. Kənd Təsərrüfatı üçün aldığını desə də, digər məişət problemlərini həlli üçün istifadə edir, biri televizor alır, biri qızını ərə verir. Yəni vəsaiti kənd təsərrüfatına yönəltmir.  Bu hal sonradan problemli kreditlərin yaranmasına səbəb olur. Bu kreditlər fermerin həyat tərzini yaxşılaşdırmaq üçündür, tam tərsi onu borca salmaq üçün deyil. Müvəkkil kredit təşkilatları ilə birgə kreditlərin monitorinqi keçiriləcək.  Lakin bu o demək deyil ki, fermerə işləmə imkan verməyəcəyik. Maksimum rübdə bir dəfə müəyyən monitorinqlər həyata keçiriləcək".

 

Qeyd edək ki, bu gün  fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffaflığı təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla niyyət protokolları imzalanıb. Protokolları KTN-yi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Paşa Bank" ASC, "Kapital Bank" ASC, "TuranBank" ASC, "Rabitəbank" ASC, "Aqrarkredit" QSC BOKT, "Finoko" BOKT ASC, "Finans İnvest" BOKT bağlayıb.

 

Kəndli və fermerlər bu gündən etibarən  müvəkkil banklara müraciət edərək kredit əldə  bilərlər.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR