Ramanada məcburi köçkünün evi külə döndü - HADİSƏ YERİNDƏN

Ramana qəsəbəsində yanğın baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə qaçqınlar üçün salınmış yaşayış massivində qeydə alınıb.

 

Tamamilə yanaraq istifadəsiz hala düşən yaşayış evinin sahibinin sözlərinə görə, yanğın gözlənilmədən baş verib və ani olaraq bütün evə yayılıb: "Yoldaşım uşaqları götürərək üzərimə gəldi. Uşaqları pəncərədən çətinliklə çölə atdım. Yoldaşım da pəncərədən qaçdı. Özüm də heç bir şey götürə bilmədən çölə çıxdım. Yanğının nədən, nə səbəblə baş verdiyini bilmədim. Özüm isə I qrup gözdən əliləm".

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanmadır: "Ümumiyyətlə, gördüyünüz kimi elektrik xətlərinin hamısı taxtaların üstü ilə gedir. Yəqin ki, orada qısa qapanma olub. Bu evlər 2003-cü ildə Heydər Əliyevin göstərişi ilə qaçqınlar üçün salınmış qəsəbədir. 2003-cü ildən bəri nə cür tikilmişdisə, eləcə də saxlanılıb".

 

Qeyd edək ki, FHN-nin briqadasının səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR