"İstiqlal düşüncələri: Cümhuriyyətə aparan yollar" kitabı təqdim olunub

"Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının, dövlətçiliyinin inkişafında ən mühüm mərhələdir".

 

APA TV-nin məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu fikirləri "İstiqlal düşüncələri: Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində deyib.

 

O qeyd edib ki, müəllifləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və jurnalist Bəxtiyar Qaraca olan nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik mübarizəsi geniş şəkildə təhlil olunub:

 

"Bu kitabda Azərbaycan xalqının cümhuriyyətə aparan yolu və bu yolda Azərbaycan xalqına yol göstərən şəxsiyyətlər haqqında kifayət qədər geniş məlumatlar verilir, müstəqilliyin möhkəmlənməsində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev həyata keçirdiyi çox ciddi islahatlar və Azərbaycanın inkişafında onun rolu öz əksini tapır".

 

Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş isə Azərbaycan Xalq Cümhuriyyətinin özünün yenilikçi islahatları, habelə qadınlara seçki hüququnun verilməsilə şərqdə ilk respublika olduğunu vurğulayıb.

 

"Kaspi" şirkətinin təsisçisi Sona Vəliyeva isə qeyd edib ki, bu kitab AXC-nin 100 illiyi ərəfəsində cümhuriyyətin dövlətçilik tarixinin təhlilində mühüm bir vasitədir:

 

"Bu tarixi bayram kimi qeyd etmək bizim milli yaddaşımıza çox şeylər gətirəcək, yazacaq. O tarixdə bizə gizli qalan qapılar bu kitab vasitəsilə hamımıza çatacaq. Oxuyacağıq, öyrənəcəyik, təbliğ edəcəyik. Ona görə də bu kitabı ərsəyə gətirən Bəxtiyar Qaracaya, Akif Aşırlıya  dərin təşəkkürümü bildirirəm".

 

"Şərq" qəzetinin baş redaktoru, kitabın həmmüəllifi Akif Aşırlı da nəşr barədə fikirlərini bölüşüb:

 

"Kitab Azərbaycan Xalq Cümhuriyyətinin fəlsəfəsinə tam uyğun gəlir. Yəni, milli azadlıq hərəkatı, milli azadlıq hərəkatından öncə başlanan milli şüur prosesi, ondan sonrakı proseslər və eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma ideyasında iştirak  edən şəxsiyyətlər və onların fəaliyyətinin müxtəlif istiqamətlərdə, yeni faktlar əsasında təhlilini biz ortaya qoyduq".

 

Tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR