Azay Quliyev: "ATƏT-in Minsk Qrupu Paşinyanın səfərini və törədilən təxribatları niyə pisləmir?"

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT  PA-da qaldıracağıq.

 

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərinə, təmas xəttində baş verən təxribatlara münasibət bildirən ATƏT Parlament Assamblleyasının vitse-prezidenti, Azərbaycanın  ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. 

 

Azay  Quliyev deyib ki, ATƏT hazırda münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilat olsa da, fəaliyyəti nəticəsizdir.

 

"Burada ATƏT-in də üzərinə çox böyük yük düşür. Çox böyük bir məsuliyyət düşür. Təəssüflər olsun ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi orada mətbuat konfransı keçirməsi, bir neçə gün bundan əvvəl orada hərbi təlimlərin keçirilməsi ATƏT-in Minsk Qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi. Bu da bizi qane etmir. Bizi çox ciddi şəkildə narahat edir. ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq". 

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib.

 

Azay Quliyev  deyib ki, Xalq Cümhuriyyətinin yaradılması uzun illərdən sonra dövlətçilik ənənəsinin bərpası idi.  

 

Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov " Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir" mövzusunda məruzə ilə çıxış edib. Yaqub  Mahmudov Azərbaycan parlamenti tarixinin Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura ilə başladığını bildirib.

 

Tarix İnstitutunun direktoru Azərbaycan parlamentində 7 nəfərdən ibarət Daşnaksutyun, 21 nəfərdən ibarət erməni fraksiyalarının fəaliyyət göstərdiyini xatırladıb.
 

Konfransda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

  

Tədbir müzakirələrlə davam edib. Sonda Azərbaycan Xalq Cümhuriyyətin ilk himni səsləndirilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR