Vəkil: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsi baxacaq"

"Erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı əldə olunan materiallar tərəfimizdən ciddi şəkildə izlənilir və təhlil olunur".

 

APA TV-nin məlumatına görə, erməni əsirliyindəki soydaşlarımızın vəkili, Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə deyib.

 

Kollegiya sədri bildirib ki, lazımi materiallar Avropa İnsan Haqları Məhkəməsinə vaxtında göndərilir və buna görə də işə mümkün qədər tez baxılması məqsədəuyğundur: "Çünki söhbət nəinki insanların qanunsuz həbsindən, onlara verilən işgəncədən gedir, eyni zamanda bu insanların səhhətində ciddi problemlər var. Biz çox istərdik ki, insanlar öz torpaqlarında sərbəst hərəkət edə bilsin. Əgər bu insanlar öz doğma yerlərində qanunsuz həbs edilirsə, qanunsuz həbs edilməklə yanaşı onlara işgəncə verilirsə, onlar barəsində qeyri-insani rəftar baş verirsə, heç bir hüquqşünas, heç bir vəkil buna göz yuma bilməz".

 

Anar Bağırovun sözlərinə görə, Avropa Məhkəməsinə göndərilən işlərə baxılması ilə bağlı müəyyən prosedurlar var və onlara uyğun olaraq sözü gedən şəxslərin işinə qısa zamanda baxılmalıdır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR