İsmayıllıya dolu düşdü: sel körpünü və yolları dağıtdı

İsmayıllı rayonunda güclü dolu və leysan yağışından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə ötən gecə İsmayıllı rayonun dağlıq ərazisində yerləşən Basqal qəsəbəsinə, Gürcuva, Xankəndi, Sulut, Zərnava, Köhnə Daxar, Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

 

Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib. Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Elektrik və rabitə dirəkləri aşıb, kəndlərdə əhali işıqsız qalıb.

 

Təbii fəlakət zamanı kəndlərdə təsərrüfatın ayrı-ayrı sahələrinə dəyən ziyanın hesablanması üçün hazırda İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini dinləyirlər.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR