Geosiyasi risklər nefti bahalaşdırır

İrana qarşı sanksiyaların bərpa olunacağına dair geosiyasi risklər neftin qiymətini bahalaşdırır. APA TV-nin məlumatına görə, Fransa prezidentinin amerikalı həmkarı ilə görüşdən sonra verdiyi açıqlama bu riskləri daha da artırıb. Emmanuel Makron bildirib ki, Donald Tramp İranla imzalanmış nüvə sazişindən çıxmağa meylli görünür. BMT Təhlükəsizlik Şurasının (TŞ) digər daimi üzvləri və Almaniya isə sazişin saxlanmasını istəyir. ABŞ-la bu ölkələr arasında fikir ayrılığı müəyyən geosiyasi risklər yaradır ki, bu da hələ uzun müddət neftin qiymətinə təsirini saxlayacaq.

 

Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 74,46 dollardan satılır. Qərbi Texas nefti isə 67,94 dollardan təklif olunur. Bu qiymətlər dünənki qiymətlərdən 60 sentə yaxın ucuz olsa da, üç illik maksimumun üzərində sayılır.

 

Bu gün birjalarda həftənin son ticarət seansları keçiriləcək. Yekun seansa qədər qiymətlərə təsir göstərə biləcək yeganə iqtisadi amil ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabat olacaq. Bu təsirin qiymətin formalaşmasında iştirak edən siyasi amilləri ciddi şəkildə üstələyəcəyi ehtimal edilmir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR