Ramil Usubov Türkiyənin ədliyyə nazirini qəbul edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, qonaqları salamlayan nazir Ramil Usubov ikitərəfli əlaqələrin mövcud durumundan danışaraq, rəhbərlik etdiyi qurumun qardaş ölkənin Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və buna görə təşəkkürünü bildirib.
2016-cı il iyul ayının 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir həmin olayların Azərbaycanda da böyük narahatlıq yaratdığını, dövlətçiliyə, demokratiyaya, xalqa, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətin respublikamızda şiddətlə qınandığını nəzərə çatdırıb. O, antikonstitusion əməllərin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində vəziyyətin qısa zamanda sabitləşməsindən, dost dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin getdikcə artmasından və beynəlxalq arenada nüfuzunun yüksəlməsindən məmnunluğunu ifadə edib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən cənab Əbdülhəmid Gül iki ölkənin müvafiq orqanları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı