Ağsu aşırımı buz bağlayıb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsi, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yolları buz bağlayıb. APA TV-nin məlumatına görə, həmin yolların bəzi yerlərində nəqliyyatın hərəkəti xeyli çətinləşib. Dekabrın 12-i axşam saatlarından etibarən Ağsu aşırımı buzla əlaqədar çox təhlükəli olduğu üçün sürücülər artıq bu yoldan istifadə etmirlər. Ayın 12-dən 13-nə keçən gecə səhərədək Ağsu aşırımında nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb.
Yol polisi əməkdaşlarının APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, onlar mütəmadi olaraq sürücülərə Ağsu aşırımına alternativ olan yollardan istifadə etməyi tövsiyyə edirlər. 14 kilometr uzunluğu olan Ağsu aşırımını qalxıb-enmək çətin olduğu üçün sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı, Bakı-Kürdəmir-Ağsu, Kürdəmir-Qaraməryəm-İsmayıllı yollarından istifadə edirlər.
Qeyd edək ki, Ağsu aşırımına 20 sm, dağ kəndlərinə isə 25-30 sm qar yağıb. Ağsu, Şamaxı və İsmayıllı rayon yol istismar idarələrinin işçiləri ağır texnikanı cəlb etməklə nəqliyyatın təhlükəsiz hərəkətını təmin etmək məqsədi ilə yollara qum və duz səpirlər. Gündüz saatlarında Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Qəbələ, Qobustan-Şamaxı-Muğanlı yollarında və Ağsu aşırımında 100-dən çox işçinin və 20-ə yaxın müxtəlif təyinatlı texnikanın iştirakı ilə qar və buzdan təmizləmə işləri görülür. Gecə saatlarında isə növbəli iş rejimində çalışan işçilər yollara qum və duz səpirlər, buzun üstündə sürüşərək yoldan çıxan avtomobillərin sürücülərinə köməklik edirlər.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI