DGK və Milli Antidopinq Agentliyi arasında anlaşma memorandumu imzalanıb
Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə Milli Antidopinq Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
APA TV xəbər verir ki, sənədi DGK sədri Aydın Əliyev və Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli imzalayıblar.
A.Əliyev bildirib ki, tərəflər bu sənəd üzərində bir neçə aydır çalışıb. "Bilirik ki, Azərbaycan idman ölkəsidir və ölkə rəhbərliyi tərəfindən idmana xüsusi diqqət və qayğı göstərilir. Bu gün idmançılar tərəfindən dopinqin qəbul olunması gündəmdə olan məsələlərdəndir. Bunu nəzərə alaraq biz Milli Antidopinq Agentliyi ilə anlaşma memorandumu imzaladıq", - deyə qurum rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, memoranduma əsasən tərəflər bu istiqamətdə sıx əməkdaşlıq edəcəklər: "Əməkdaşlıq üç istiqaməti əhatə edir. Birincisi, biz vaxtaşırı olaraq işçi qrupları çərçivəsində görüşlər keçirəcəyik. İkincisi, biz məlumat mübadiləsi aparacağıq. DGK bunu öz üzərinə götürüb. Bilirsiniz ki, qadağan olunmamış dopinqlər istifadə olunur. Yəni kommersiya sirri olmayan məsələlər barədə məlumat mübadiləsi aparılacaq. Üçüncüsü, bu sahədə dünya üzrə olan yeniliklər barədə DGK əməkdaşları üçün treninqlər təşkil edəcək".
DGK sədri hesab edir ki, bu əməkdaşlıq sayəsində idman ölkəsi olan Azərbaycanı beynəlxalq arenada təmsil edən idmançıların nəticələri daha da yaxşılaşacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi