Goranboyda ağlagəlməz dələduzluq: "Rusiya DİN-in əməkdaşıyam" deyib, çoxlu pul aldı
Özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində dələduzluq faktı aşkarlanıb.
Rayonun Muzdurlar kəndində yaşayan qadının evinə gələn naməlum şəxs özünü Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Adının Ələddin olduğunu deyən həmin şəxs ev sahibəsinin oğlu Raminin Rusiyaya girişinə qadağa qoyulduğunu, lakin istədiyi məbləğin ödəniləcəyi təqdirdə həmin qadağanı ləğv etdirəcəyini bildirib. Ev sahibəsinin oğlu isə bir il əvvəl Moskva şəhərində oğurlanmış avtomobilinin tapılması ilə əlaqədar təcili bu ölkəyə getməli olduğundan həmin şəxsə tələb etdiyi 5000 manatı verib.
Moskvada olarkən hüquq-mühafizə orqanlarında Ələddin adlı azərbaycanlının işləmədiyinə əmin olan Ramin sonda aldadıldıqlarını başa düşüb.
Oktyabrın 11-də Raminin anası Goranboy RPŞ-yə müraciət edərək üzləşdiyi dələduzluq hadisəsi barədə məlumat verib.
Araşdırmalarla dələduzluq edən şəxsin Samux rayonunun Ağasıbəyli kənd sakini Ələddin Novruzov olduğu müəyyən edilib, həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı