Kərkük böhranı nefti bahalaşdırır, qiymətlər 59 dollara yaxınlaşır
İki illik fasilədən sonra neftin qiyməti ilk dəfə 58 dolların üzərində stabilləşməyə başlayıb. APA TV-nin məlumatına görə, İraqın neftlə zəngin ərazilərində keçirilən hərbi əməliyyatlar bölgədən neft ixracatında fasilələr yaranacağı təhlükəsi yaradır. Bu səbəbdən birjalarda neftə olan tələbat obyektiv olaraq artıb.
İraqın neft nazirinin Kərkükdə hasilatın artırılacağına dair son bəyanatlarının qiymətlərə necə təsir göstərəcəyi bu gün məlum olacaq. Nazir rəsmi Bağdadın tam nəzarətinə keçən bu bölgədə gündəlik hasilatın 1 milyon barelə çatdırılacağını açıqlayıb. Hərbi əməliyyatlara qədər Kərkük və ətrafında gündəlik 350 min barel neft hasil olunurdu. Bu rəqəmin üç dəfə artırılması üçün yeni texnologiyalar və investisiyalar tələb olunduğundan hələlik birjalar nazirin açıqlamasına ciddi yanaşmırlar.
Hələlik İraqın şimalından dünya bazarına nəql olunan neftin həcmində azalma olduğunu təsdiqləyən rəsmi məlumatlar yoxdur. Lakin əməliyyatlar səbəbindən bölgədə hasilatın tam dayandırıldığı bildirilir. Bu səbəbdən “Brent” markalı neftin qiyməti son 24 saat ərzində 58 dollardan aşağı düşməyib. Hazırda bu markadan olan neft 58,20 dollardan satılır. Qərbi Texas nefti də Asiya və Amerikada keçirilən ticarət sessiyalarında bahalaşıb. WTİ nefti hərraclarda 52,05 dollardan təklif olunur, iki marka arasında fərq yenidən 6 dollar həddinə enməyə başlayıb.
Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həftə ərzində 7,13 milyon barel azalaraq, 455 milyon barelə düşdüyünü açıqlayıb. ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi hesabatı bu gün Energetika Nazirliyi açıqlayacaq. Analitiklər azalmanın 4,24 milyon barel həcmində olacağını gözləyirlər.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV