Qubanın Qımıl kənd orta məktəbi uçur
Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd orta məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.
APA TV-nin şimal bürosunun xəbərinə görə, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb.
İbtidai sinifdə təhsil alan uşaqlar 2006-cı ildə yeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib.
Şagirdlər yaranmış vəziyyətdən narahatlıqlarını gizlətmirlər: "Divarlar tökülür. Zəlzələdən sonra torpaq tökülür, fikrimizi dərsə cəlb edə bilmirik. İstilik sistemi yoxdur. Odun yandıranda da problemlər olur. Müəllimlərimiz və valideynlərimiz də narahatdır. Zəlzələ olsa, bina çökəcək. Qışda çətinlik olur, siniflərdə soyuq olur. Təhsil ala bilmirik belə şəraitdə. Mən də istərdim ki, yaxşı təhsil müəssisəsində oxuyum".
Məktəbin direktoru İsa Bayramov binanın yalnız təhlükəsiz olan hissələrində dərs keçdiklərini deyir: "5 sinif otağı, müəllimlər və məktəb direktorunun otağından ibarət yeni məktəb binası 2006-cı ildə istifadəyə verilib. Yeni binada ancaq ibtidai siniflər təhsil alır. Qalan iki korpusun istifadə müddəti bitib, qəzalı vəziyyətə düşüb. Son zəlzələ bu prosesi bir az da sürətləndirib. Uçmaq təhlükəsi var hər an. ".
Quba rayon Təhsil Şöbəsi də vəziyyətdən xəbərdardır. Quba RTŞ-nin müdir müavini Pərviz Nurməmmədov bildirir ki, sözügedən məktəb üçün növbəti illərdə yeni bina inşa olunması nəzərdə tutulub: "Növbəti illərdə yeni məktəb binasının tikintisi nəzərdə tutulub və dövlət proqramına daxil edilib. Hər il Qubada yeni məktəb binaları tikilərək istifadəyə verilir. Ötən dərs ilində Əspərasti kənd tam orta məktəbi, Qımılqışlaq ümumi orta məktəbi tikilib istifadəyə verilib. Bu yeni dərs ilində Çartəpə ümumi orta məktəbi, Ərməki kənd tam orta məktəbi istifadəyə verilib və bütün lazımi avadanlıqlarla təmin olunub".
Hazırda Qımıl kənd orta məktəbində 99 şagird təhsil alır. İbtidai siniflərdə oxuyan 40 şagird yeni məktəb binasında təhsilini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV