Bakıda restoranda polisi vurdular
Paytaxtda yerləşən “Oazis” restoranında sərxoş müştərilərdən biri Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşını vurub.
APA TV-nin məlumatına görə, hadisə ötən gecə saat 00:40 radələrində restoranın giriş qapısında baş verib.
Restoranın administratoru Seyfulla Sadığov hadisəni belə təsvir edib: "Restoran 12-də tam bağlanır. Personal isə bir neçə dəqiqə sonra oranı tərk edir. Lakin müştərilərdən biri getmək istəmirdi. Sərxoş idi".
Kobud ifadələr səsləndirən müştəriyə polis əməkdaşı yaxınlaşaraq onu nizam-intizama dəvət edib: "Çölə çıxandan sonra nalayiq sözlər deyib və polis əməkdaşını vurub".
Hadisəyə digər polis əməkdaşları müdaxilə ediblər. Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğluna xəsarət yetirən 1989-cu il təvəllüdlü Sumqayıt sakini Mehrəli Cəfərov, onun 1988-ci il təvəllüdlü qardaşı Rüstəm Cəfərov və 1992-ci il təvəllüdlü Bakı sakini Ramiz Babazadə sərxoş halda saxlanılıblar.
Bölük komandiri Samir İsmayılovun sözlərinə görə, restoran ictimai qaydanın qorunması məqsədilə mühafizə olunur: "Dalaşıblar, bizim polis əməkdaşları onları intizama dəvət etdikləri vaxt onlar müqavimət göstəriblər. Nəticədə onlar Binəqədi RPİ-nin 5-ci bölməsinə gətiriliblər".
Saxlanılan Mehrəli Cəfərov isə günahı içkinin boynuna atıb: "Ad günündə idim. Çox içmişdim. Başımı qaldırdım, elə zənn etdim ki, kimsə qardaşımı vurur. Yaxınlaşıb bir dənə vurdum, sonradan bilmişəm ki, mühafizə polisinin əməkdaşıdır".
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV