Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Oktyabrın 16-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının açılış mərasimi olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, iri sənaye mərkəzlərində və regionlarda optimallaşdırma prosesinin həyata keçirilməsi, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması ilə bağlı Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

 

Nazir ölkədə ilk dəfə olaraq Qəbələdə yaradılan bu müasir təhsil mərkəzindəki şəraitin təhsil alanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını vurğulayıb.

 

Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, ölkəmizdə peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından, əldə edilən uğurlardan danışıb.

 

Mərkəzin yeni binası ilə tanış olan qonaqlara məlumat verilib ki, 3 mərtəbədən ibarət təhsil ocağında iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Ümumilikdə 2.85 hektar sahədə yeni tikilmiş tədris korpusu ilə yanaşı, lazımi avadanlıqlarla təchiz edilmiş 4 bölməli emalatxana yaradılıb. İstehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış emalatxanalar lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə kiçik təlim-təsərrüfat sahəsi istifadəyə verilib. Yeni tədris korpusunda konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, 13 inzibati otaq, mətbəx, yeməkxana, təlim üçün restoran və otel otağı, oxu zalı olan kitabxana, soyunub-geyinmə otağı, idman zalı mövcuddur. Mərkəzin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi var və 10-dan çox müasir kənd təsərrüfatı texnikası ilə təchiz olunub.

 

Qeyd edək ki, mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması nəzərdə tutulub. Təhsil müəssisəsində regionun xüsusiyyətləri nəzərə alınmaqla, aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük əhəmiyyət verilir. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR