İraq ordusu Kərkükə hücuma keçdi

İraq ordusu Kərkük vilayətində hərbi əməliyyata başlayıb.

 

APA TV-nin məlumatına görə, bunu Şimali İraq Muxtar Vilayətinin Təhlükəsizlik Agentliyi açıqlayıb.

 

"Twitter" hesabından paylaşılan xəbərdə İraq təhlükəsizlik qüvvələrinin və Haşdi-Şabi şiə polis dəstələrinin Kərkükün cənubundakı Tuzhurmatudan birgə hərəkətə keçdiyi bildirilib.

 

İraq qüvvələri Kərkükdə yanacaqdoldurma məntəqəsi, sənaye zonası və neft emalı zavoduna nəzarəti ələ keçirib. İraq hökuməti Kürd hökumətinin hazırda gərginlik yaşanan Kərkük şəhərinə PKK terrorçularını gətirdiyini və bunu "müharibə elanı" olaraq gördüyünü açıqlayıb.

 

Açıqlamadan dərhal sonra muxtariyyət hökumətinin sözçüsü "Bu doğru deyil. Kərkükdə PKK yoxdur, sadəcə, peşmərgə var" deyib.

 

Bağdadda isə baş nazir Heydər əl-İbadinin rəhbərliyi ilə yüksək rütbəli hərbçi və təhlükəsizlik komandirlərinin qatıldığı toplantıdan sonra açıqlama verilib. İraq hökuməti Kərkük və digər mübahisəli bölgələr üzərində hakimiyyətini bərqərar edəcəyini bildirib.

 

Kürd muxtariyyəti referendumun nəticələrinin ləğv edilməsini problemin həlli üçün müzakirələrə başlamağın əsas şərti olaraq irəli sürən Bağdadın bu istəyini rədd edib.

 

BBC-nin xəbərinə görə, Kərkük vilayətinin bəzi bölgələrində döyüşlər başlayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR