II Nügədi-Rustov avtomobil yolu əsaslı şəkildə təmir olunur
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən Quba rayonu II Nügədi-Rustov avtomobil yolunun əsaslı şəkildə təmiri işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən xəbərə görə, II Nügədi-Rustov avtomobil yolunun uzunluğu 8 km, hərəkət hissəsinin eni isə 7 m təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənara daşınır.
Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun 50 min kv. m-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.
Aparılan işlər zamanı Rustov kəndinin girişində, Caqacuq çayı üzərində yerləşən və 110 metr uzunluğa malik avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, piyada səkisi ilə yolun hərəkət hissəsini ayırmaq məqsədi ilə xüsusi beton bordyurlar quraşdırılacaq, körpünün altında və dayaqlarda bərkitmə işləri görüləcək və üstü asfaltlanacaq.
Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması xətləri çəkiləcək.
Qeyd edək ki, sözügedən avtomobil yolunun əsaslı şəkildə təmiri ilə 5 yaşayış məntəqəsinin (II Nügədi, Püstəqasım, Dəhnə, Güneyməhlə və Rustov kəndləri) 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.
OXŞAR XƏBƏRLƏR
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB