Bal kimi yarmarka - REPORTAJ
Erkən yazdan payızının sonuna kimi arılarını çiçək-çiçək gəzdirib qulluğunda duran arıçılar indi Bakı sakinlərinin yolunu gözləyir.
APA TV-nin məlumatına görə, AMAY ticarət mərkəzi bir ay ərzində XVIII Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına ev sahibliyi edəcək.
El arasında "bal yarmarkası" kimi tanınsa da, sərgidə arı südündən, çiçək tozundan bəzəkli mumlara kimi onlarla arı məhsulu satılır. Bir sözlə, yarmarka bir arıçılıq bayramıdır.
Bal ölkəmizdə haqqında saxta-təmiz söhbəti olan məhsuldur. Elə bu yarmarkada da saxta balların satışa çıxarılmaması üçün aparılan mübarizə ilə yadda qalacaq. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, təxminən 3400 nümunə Respublika Baytarlıq Laboratoriyasında çox ciddi şəkildə yoxlanışa təqdim olunub: "509 nümunə standartların tələblərinə cavab vermədiyinə görə satışdan kənarlaşdırılıb ki, bu da 22,5 ton bal deməkdir".
Bu il sərgi-satış yarmarkasının təşkili işində Azərbaycan Arıçılıq Assosiasiyası da iştirak edib. Bu ictimai təşkilat ötən il yaranıb və ölkədə arıçılığın inkişafı üçün ciddi mübarizə aparır. Assosiasiyanın əməkdaşı Şahin Cəfərli deyir ki, yoxlamalar zamanı 22 ton bal tərkibində şəkərin çox olması və diastaza ədədinin aşağı olması səbəbindən kənarlaşdırılıb: "Balları çıxarılan şəxslərin bəziləri bununla razılaşmırlar. Təhdid ediblər, hücum çəkiblər, yuxarı instansiyalardan zənglər etdiriblər. Rayon səviyyəsindən, icra başçıları səviyyəsindən..."
Sərgidə ölkənin bütün iqtisadi zonalarından arıçılar iştirak edir. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır. Bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb.
Ən çox arıçı isə Astara rayonunun payına düşür. Sərgidən əvvəl bu rayondan sərgiyə daha çox saxta bal gətirilməsi ilə bağlı söz-söhbət gəzirdi. Arıçılar isə ballarının təmiz olduğunu deyir: "Balımız da təmiz baldır. Laboratoriyadan da 100% keçib. Astaranın Miki kəndində ata-babadan hamı arıçı olub. 87 nəfər burdadır, ən azı 60 arıçı da kənddədir".
Assosiasiya saxta ballara qarşı ciddi mübarizə aparıldığını deyir: "Bazarı təmizləmək üçün böyük işlər görüldü. Düzdür, 100 faiz buna nail olmaq mümkün olmadı. Birinci il idi. Demək olar ki, 80-85 faiz saxta balın qarşısını aldıq".
Yarmarkaya bir arıçı maksimum 1 ton bal çıxara bilər. Ancaq bir şərtlə - gərək həmin arıçının arı ailələrinin sayı 100-dən çox olsun. Bir arı ailəsi üçün ortalama 10 kq bal çıxarıla bilər sərgiyə.
Qiymətlərə gəldikdə isə, limit yoxdur. Hər arıçı öz məhsulunu istədiyi qiymətə sata bilər. Müştəri bal bəyənibsə, arıçılar onu balsız qaytarmır. Qiymətdə güzəşt edilir: "25 manata satırıq. Elə olur 20-yə də veririk. İnsan olur, pulu az olur".
Bal haqqında belə bir deyim var: "Bal arının ən zəif məhsuludur". Arı südü, çiçək tozu, güləm, propolis olan yerdə bal doğrudan da zəif görünəcək. İlqar Həsənov apiterapiya ilə məşğul olan bir neçə arıçıdan biridir: "2 kq 400 qram arı südü götürmüşəm. Yarısını yarmarkaya qədər satmışam. 10 qramlıq şprislə dolu məhsulun qiyməti 30-50 manat arası dəyişir".
Yarmarkalar arıçılığın inkişafında ciddi rol oynayır. Həm məhsulunu satır, həm arıçılarla müzakirələr aparılır, həm də yeniliklərlə tanışlıq olur. Hikmət Əliyevin maraqlı yarmarka xatirəsi var: "İlk dəfə yarmarkaya gələndə 1 kq bal satmışdım. Səhvi özümdə tapdım. Nə etməliyəm ki, işim daha uğurlu getsin? Arını gəzdirməliyəm, müxtəlif yerlərə aparmalıyam. Çünki hərənin öz ağız dadı var. Arının bütün məhsullarını yığmalıyam, apiterapiyanı öyrənməliyəm. Bunları qarşıma məqsəd qoydum. Keçən il sərgidə 450 kq bal satdım".
Sonda ən vacib məqamı da qeyd edək. Aldığınız balı yarmarka ərazisindəki laboratoriyada yoxlatmaqla təmizliyinə əmin ola bilərsiniz. Balınız bal dadsın!
OXŞAR XƏBƏRLƏR
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB