Güclü sel Astarada körpünü uçurdu - BİR NEÇƏ KƏNDLƏ ƏLAQƏ KƏSİLDİ

Astara rayonunun Ovalə kəndində güclü sel fəsadlar yaradıb. Bir neçə gün öncə gələn güclü sel kənddə dəmir konstruksiya ilə tikilmiş körpünü yuyub aparıb. Bu körpüdən təkcə Ovalə deyil, qonşu Ağ körpü kəndinin sakinləri də istifadə edirmiş.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, güclü sel Ağ körpü kəndinin bir hissəsinə, Ovalə, Xıçasu kəndlərinə gedən yolu isə tamamailə bağlayıb. Sel nəticəsində körpünün torpaq qatı yuyulub. Artıq rayon ilə adı gedən kəndlər arasında əlaqə kəsilib.

Sakinlər dərman və ərzaq almaq üçün həm uzun məsafəni piyada qət etməli olur, həm də çayı keçərək özlərini təhlükəyə atırlar. Sel sularından sonra ərazidə ağır texnika çalışsa da, hələ ki öhdəsindən gəlmək mümkün olmayıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev APA TV-nin cənub bürosuna bildirib ki, artıq selin körpünü uçurduğu əraziyə baxış keçirilib, akt tərtib olunaraq, "Azəravtoyol" ASC və digər rəsmi qurumlara göndərilib.

"Rayonda körpünü bərpa etmək üçün lazımi texnika olmadığından işlər gecikir. Yəqin ki, qısa müddətdə körpünün tikintisinə başlanılacaq", - deyə o qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR