“Alo, yanğın var” - REPORTAJ

Bu gün onların - yanğınsöndürənlərin peşə bayramıdır. Günün hər bir saatında təhlükə ilə üzbəüz qalıb özlərini oda atan kəslərin günüdür bu gün. Elə süjetimizin qəhrəmanları da yanğınsöndürənlərdir.

 

Ömrünün 20 ilini bu sahəyə həsr edən Fəxrəddin Hacıyev deyir ki, xilasedici olmaq onun arzusu olub. Deyir, çətin, həm də məsuliyyətli peşədir. 14 ildir manqa komandiri işləyən Fəxrəddin Hacıyev deyir ki, yorulmaq nədir, çətinlik nədir bilmir: "Elə gün olub ki, gündə 6-7 dəfə hadisə yerinə getmişik yanğın söndürməyə, heç bir çətinliyim olmayıb. Əksinə, istəyirik ki, kiminsə əmlakını, kiminsə həyatını xilas edim, heç bir çətinliyim olmur".

 

Fəxrəddin Hacıyevin işinin ən sevdiyi tərəfi insana yardım etməkdir. İşlədiyi müddətdə ən yaddaqalan hadisələrdən biri də insan həyatını xilas etməsi olub: "Bir dənə çıxışımız olub İçərişəhər tərəfə. Orda 2-3 üç uşağı tüstülənmədən xilas etmişik. Çox çətin bir proses olub, amma xilas etmişik. Elə o günü xatırlayıram, ona görə ki, insan xilas etmişik. Bir dəfə də hamamda xanım meyiti aşkar etmişik".

 

Fəxrəddin Hacıyev dəfələrlə təhlükə ilə üzləşib, amma verilən tapşırığı vaxtında və anında yerinə yetirib, özünü qoruya bilib. Deyir, həyəcan siqnalı verilən zaman ilk vaxtlar keçirdiyi həyəcan hissləri də onun üçün artıq adiləşib: "Əvvəllər həyəcan siqnalı veriləndə həyəcanlanırdım, indi amma adiləşib mənim üçün. Hazırda 2-ci gedişdə manqa komandiri təyin olunmuşam, nə vaxt olsa, vaxtında və tez bir zamanda yanğınların qarşısını almağa hazırıq. Hər an hər şeylə üzləşə bilərik, ona görə biz hər şeyə hazırıq".

 

Ömrünün yarısını bu peşəyə həsr edən Fəxrəddin Hacıyevlə çiyin-çiyinə çalışan gənclər də var. 7 ildir yanğınsöndürən işləyən Rövşən Baxışlı deyir ki, insanları xilas etmək arzusu onu bu peşəyə gətirib: "Bu işi seçməkdə məqsədimiz odur ki, ən əsası, insanlara köməklik göstərək, yanğınsöndürmədə iştirak edək. Bu işə gəlməyimin səbəbi elə daim insanlara kömək etmək məqsədi oldu".

 

Rövşən deyir ki, iştirak etdiyi hadisələrdə yaddan çıxara bilmədiyi, gözünün qarşısından getməyən fraqmentlər çox olur: "Evdə partlayış olur, bizim ora tez və ya gec gedib getməyimizdən asılı olmayaraq, bu partlayışdır. Evdə ölü olub, biz yanğını söndürmüşük, amma partlayış olduğu üçün tələfat olub. İndiyə kimi olan hadisələr, əsasən insan faktoru ilə bağlı hadisələr hamısı yadımdadır".


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti yaranmasının 98-ci ildönümünü qeyd edir. Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2002-ci il tarixli sərəncamı ilə 10 oktyabr - Yanğınsöndürənlərin peşə bayramı günü elan edilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR