Diplomat: "İraq prezidenti və bir çox nazirlər milliyyətcə kürddür"
"Kürd xalqı İraqın ayrılmaz hissəsidir və keçirilən referendum düzgün addım deyil".
APA TV-nin məlumatına görə, bu fikirləri İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Fadil Avad əl-Şüveyli keçirdiyi mətbuat konfransında bildirib:
O bildirib ki, İraqın şimalında keçirilən "referendum"un qeyri-leqal olması yalnız İraq hakimiyyətinin deyil, həm də beynəlxalq ictimaiyyətin mövqeyidir: "Dünya dövlətləri, yaxın qonşularımız İraq dövləti və xalqı ilə birlikdədir. İraq hakimiyyəti xalqın təhlükəsizliyinin təminatı üçün müəyyən addımlar atacaq. Bu addımlardan birincisi Şimali İraq Kürd Muxtariyyəti ilə sərhədlərin bağlanmasıdır".
Səfir xatırladıb ki, həmin ərazidəki neft yataqları İraq xalqına məxsusdur: "Oradakı neft yataqları İraq xalqı və dövlətinin sərvətidir və bizim onların üzərində nəzarəti bərpa etmək hüququmuz var. Eyni zamanda biz əzəli İraq vilayəti olan Kərkükün de-fakto istilasına qarşıyıq. Bu gün belə bir addımın atılması qeyri-qanunidir və rəsmi Bağdadın regiondakı hava limanları və sərhəd məntəqələrinə girişi bağlamaq hüququ var".
Diplomat qeyd edib ki, kürdlər İraqda heç vaxt diskriminasiyaya məruz qalmayıb və bu gün də hakimiyyətin yuxarı pillələrində təmsil olunurlar: "Onların hakimiyyətdən kənarda qalması yalandır. Kürdlər bizimlə birgə İraq dövlətinin qurulmasında iştirak edib. Hazırda İraq prezidenti, bir çox nazirlər milliyyətcə kürddür. Bu gün etnik prinsiplərlə dövlətin yaradılması ölkədə irqi ayrı-seçkiliyə yol açır. Ümid edirik ki, muxtariyyət rəhbərliyi bunları nəzərə alıb "referendum"un nəticələrini ləğv edəcək".
Müvəqqəti işlər vəkili mərkəzi hökumətin əlində ərazi bütövlüyünün bərpası imkanlarının olduğunu diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB