"Mercedes"lə toqquşan içi sərnişin dolu avtobus aşdı - YARALILAR VAR

Şamaxı rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 9-da gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.


Şəki sakini, 1957-ci il təvəllüdlü Mustafayev Məhəmmədiyyə Mustafa oğlu idarə etdiyi 14-BD-187 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Rəsulov Bayram Rafiq oğluna məxsus 50-BB-803 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb.

     
Hadisə zamanı mikroavtobusdakı sərnişinlər - Şəki sakini 1986-cı il təvəllüdlü Rəsulzadə Günay Ələddin qızı, 1996-cı il təvəllüdlü Talıbov Nicat Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib. Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şəkidən Bakı istiqamətinə hərəkət edən mikroavtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.

      
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR