Quldurluq etmədikləri bölgə yoxdur - MASKALI DƏSTƏ ZAQATALADA ƏLƏ KEÇDİ

Zaqatala polisi Bakı və respublikanın digər bölgələrində silsilə oğurluq hadisələri törətmiş cinayətkar qrupu zərərsizləşdirib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Zaqatala rayonu Muxax kənd sakini, 1948-ci il təvəllüdlü Səmayə İbrahim qızı Qasayeva Zaqatala RPŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, oktyabr ayının 8-i gecə saat 03:50 radələrində nəvəsi, 14 yaşlı Nizami İlqar oğlu Qasımovla birlikdə yatan zaman 3 nəfər maskalı naməlum şəxs evə daxil olaraq müxtəlif geyim və qiymətli zinət əşyalarını oğurlayıb.

 

Oğrulara müqavimət göstərmək istədikdə, nəvəsi ilə birlikdə fiziki işgəncələrə məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Maskalılar hadisə yerindən uzaqlaşıblar.

 

Zaqatala RPŞ əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, quldur basqını Zaqatala rayonunun Muxax kənd sakini, 1987-ci il təvəllüdlü Vasif Süleyman oğlu Məmmədvəliyev, 1989-cu il təvəllüdlü Astara rayon sakini, əvvəllər məhkum olunmuş Etimad Etibar oğlu Xankişiyev və 1994-cü il təvəllüdlü, Beyləqan rayon sakini Elməddin Qurban oğlu Abbasov tərəfindən qrup halında törədilib.

Hər üç şəxs tutularaq istintaqa cəlb edilib. Müəyyən olunub ki, Vasif Məmmədvəliyev və Elməddin Abbasov cari ilin 4 iyul tarixində rayonun Muxax kənd sakini Məhəbbət Hudulovanın yaşadığı mənzilə daxil olaraq, oradan 20 qram çəkidə qızıl qolbaq, iki ədəd qızıl üzük və 15 manat nağd pul oğurlayaraq hadisə yerindən qaçıblar.


Onlar ayrı-ayrı vaxtlarda Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən Beyləqan, Lənkəran, Astara, Sabirabad rayonlarında da oğurluq və soyğunçuluq törədiblər.


Faktla bağlı Zaqatala RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR