Prezident İlham Əliyev: "Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq"
Oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
APA TV-nin məlumatına görə, bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.
Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.
Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən prezident İlham Əliyev iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.
Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran Azərbaycan prezidenti 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirib, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlət başçısı onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.
Prezident İlham Əliyev deyib ki, bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir. Əsas məqsədin qeyri-neft sektorunun inkişafı olduğunu deyən dövlət başçısı neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırıb.
Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir.
Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzələrlə çıxış ediblər.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını deyib. Prezident İlham Əliyev gələn ilin dövlət investisiya proqramı ilə bağlı təkliflər gəldiyini vurğulayıb, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramının qəbul edilməsinin mümkünlüyünü bildirib.
Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək. Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək.
Prezident tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95 yaşayış binasının tikildiyini, yararsız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu deyib.
“ASAN Xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən prezident İlham Əliyev “ABAD Mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxunub, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.
Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlət başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub