Cocuq Mərcanlıda “Çərpələng şənliyi” - REPORTAJ

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində “Çərpələng şənliyi” keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbir Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarını özündə birləşdirən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və türkiyəli iş adamları cəbhə xəttində yerləşən qəsəbəyə ailə üzvləri ilə birlikdə gəlib: "Cocuq Mərcanlıya mənim ikinci gəlişimdir bu. Amma rəsmi olaraq birinci dəfədir gəlirəm. Hava da çox yaxşı, hər kəs çox sevinclidir. Hər saat ələ düşməyən bir andır bu". 

 

Qonaqlar ilk olaraq aprel döyüşləri zamanı şəhid olmuş vətən oğullarının xatirəsinə Horadiz şəhərində ucaldılan abidə kompleksini ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlı kəndinin əhalisi ilə görüşüb, məktəblə tanış olub. Cocuq Mərcanlı orta məktəbinin kitabxanasına 1000 ədəd kitab hədiyyə edilib.

 

Qonaqlar Cocuq Mərcanlı məscidi ilə də tanış olub, orada namaz qılıblar.

 

Daha sonra uşaqlar üçün "Çərpələng şənliyi"nə start verilib. Müharibə uşaqlarının üzündəki sevinc böyükləri daha çox sevindirib.

 

Tədbir zamanı uşaqlar üçün maraqlı oyunlar da keçirilib. Bundan başqa, Türkiyənin "DünyaGöz" xəstəxanasının Bakıdakı nümayəndəliyi və "Türk-Amerikan Medical Center" tərəfindən yerli sakinlər üçün pulsuz müayinə təşkil edilib.

 

Qonaqlar yerli sakinlərlə birlikdə nahar ediblər.

 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun da iştirakı ilə Cocuq Mərcanlı sakinlərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Türkiyəli iş adamları "Made in Jojuq Marjanli" brendini yaradaraq dünyaya tanıtmağı düşünürlər: "Bu gün Cocuq Mərcanlıya Türkiyənin Azərbaycandakı iş adamları gəliblər. Onlar  burda yaxşı layihələr həyata keçirəcəklər ki, burdakı insanların bir günlük yox, daimi bir məşğuliyyətləri olsun. Həmçinin də dolanışıq rifahının yaxşılaşdırılması istiqamətində işlər görüləcək".

 

Türkiyəli iş adamları eyni zamanda uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək niyyətindədirlər.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR