ƏƏSMN daha bir tvinninq layihəsini təqdim etdi

Azərbaycanda dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədinə yönələn yeni tvinninq layihəsinin təqdimatı olub.

 

APA TV-nin xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, layihə üzrə tərəfdaş ölkələr olan Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas və Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex, üzv ölkə tərəfindən layihə rəhbəri, Litvanın sosial təminat və əmək nazirinin müavini xanım Egle Radisauskin və digər aidiyyəti şəxslər iştirak ediblər.

 

Mətin Kərimli ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin dövlət məşğulluq siyasətinin ildən-ilə güclənməsi ilə müşahidə edildiyini diqqətə çatdırıb: "Bu layihə Azərbaycanda Dövlət Məşğulluq Xidmətlərinin modelləşdirilməsində ƏƏSMN-ə dəstək xarakteri daşıyır. Bu layihə çərçivəsində biz Litva, Avstriya və İsveçlə 2 il ərzində məşğulluq sahəsində əməkdaşlıq nəzərdə tuturuq".

 

Nazir müavini qeyd edib ki, son illərdə ölkəmizdə əmək müfəttişliyi, tibbi-sosial reabilitasiya və sosial xidmət sistemlərinin inkişaf etdirilməsinə yönələn tvinninq layihələri müvafiq sahələrin inkişafına öz töhfələrini verib. Cari ilin mart ayından isə pensiya sisteminin islahatının həyata keçirilməsinə dəstək olan daha bir tvinninq layihəsi uğurla icra olunur.

 

Kestutis Yankauskas Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədilə ötən dövrdə həyata keçirilmiş birgə layihələrin icrası sahəsində uğurlu iş təcrübəsinin mövcud olduğunu bildirib. O, hazırda təqdim olunan yeni tvinninq layihəsinin dövlət məşğulluq orqanlarının fəaliyyətinin Avropa ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi əsasında təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini qeyd edib.

 

Tədbir layihənin komponentləri və layihə çərçivəsində görüləcək işlərdə gözlənilən nəticələrə dair müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR