Futbolçularımız Almaniya yığması qarşısında tab gətirə bilmədi - NƏTİCƏLƏR
DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verilib. APA TV xəbər verir ki, 3 qrupda qarşılaşmalara yekun vurulub.
Azərbaycan millisinin də yer aldığı C qrupunda da son görüşlər baş tutub. İlk iki yerin sahibi müəyyənləşdiyindən X tur formal xarakter daşıyıb.
Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirib. Yığmamız Almaniya ilə qarşılaşıb və 1:5 hesablı məğlubiyyətlə meydandan ayrılıb.
Andris Treymanisin hakimliyi ilə keçən oyunda hesab 9-cu dəqiqədə açılıb. Bu vaxt küncdən zərbə ilə ötürməni alan Leon Qoretzka sadəcə dabanı ilə topa toxunub: 1:0. Futbolçularımız bundan sonra qismən aktivlik nümayiş etdirib və oyunun 34-cü dəqiqəsində hesabı bərabərləşdirməyə müvəffəq olub. Etiraf edək ki, Ramil Şeydayev bu zaman çox gözəl oyun nümayiş etdirib. Bir neçə müdafiəçini aldadan futbolçumuz topu rəqib komandasının qapısından keçirib. Bundan sonra da hər iki yığmanın futbolçuları bir neçə dəfə qapıların önündə təhlükəli vəziyyət yarada bilib.
Ancaq komandalar fasiləyə elə bu hesabla da yollanıb. İkinci hissədə isə rəqib komanda əsl "alman maşını"nın gücünü göstərib. 55- ci dəqiqədə Sandro Vaqner başla vurduğu zərbə ilə komandasını yenidən hesabda irəli çıxarıb. Oyuna ikinci hissədə qoşulan Antonio Rüdigerin 64-cü dəqiqədə vurduğu qol da başla vurulub. Bu, almanların dəqiq zərbə ilə başa çatdırdığı 3-cü hücum idi. Cəmi 2 dəqiqə sonra Qoretzka yenidən fərqlənə bilib və özünün ikinci, komandasınınsa 4-cü qoluna imza atıb. Qarşılaşmanın sonuncu qolu isə 81-ci dəqiqədə Emre Candan gəlib. Onun kifayət qədər uzaq məsafədən vurduğu topu saxlamaqda qapıçımız Kamran Ağayev də aciz qalıb.
Matçının sonlarına yaxın futbolçularımız daha bir qolun da əvəzinə çıxa bilərdi. Ancaq bu dəfə qapı dirəyi almanların köməyinə çatıb. Məhəmməd Mirzəbəyovun dirəkdən qayıdan zərbəsini R.Şeydayev yenidən qapıya doğru yönəltsə də, rəqib müdafiəçilər zərbənin qarşısını alıb.
C qrupu ilə yanaşı E və F qrupunda da son oyunlar oynanılıb. Milli komandamızın da mübarizə apardığı C qrupunda ilk iki yerdə Almaniya və Şimali İrlandiya qərarlaşıb. Formal xarakter daşıyan son oyunlarda yığmamız Almaniyaya uduzubsa (1:5), Çexiya San-Marinonu (5:0) darmadağın edib. Norveç isə Şimali İrlandiyanı (1:0) tək qolla xalsız qoyub.
E qrupunda isə hər şey son turda bəlli olub. Polşa evdə Monteneqronu (4:2) məğlub edərək mundiala birbaşa yollanmağa haqq qazanıb. Danimarka isə Rumıniya ilə bərabərliyə (1:1) razılaşıb və ikinci olub.
F qrupunda isə son tur ikinci yerin sahibini müəyyən edib. Lider İngiltərə Litva səfərində qalib gəlib (1:0). Slovakiya Maltanı məğlub edərək (3:0), Şotlandiyanın da Sloveniya ilə matçda (2:2) xal itirməsindən yararlanıb və ikinci pilləni ələ keçirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub