Paytaxtda yük maşını aşdı, sürücü sağ qurtula bilmədi - DƏHŞƏTLİ QƏZA

Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yük maşınının aşması ölümlə nəticələnib. APA TV xəbər verir ki, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Məlumata görə, yol qəzasına "20 Yanvar" dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkət edən "Howo" markalı yük maşınının arxa təkərlərindən birinin qəfildən sıradan çıxmasının səbəb olduğu ehtimal edilir. Nəticədə bir nəfər avtomaşının altında qalaraq faciəli şəkildə dünyasını dəyişib. Onun meyiti parçalanmış formada aşkar olunub.

Avtomaşının aşması zamanı onun yük hissəsində olan qum da yola dağılıb. Daha bir ehtimal da aşmış nəqliyyat vasitəsinin və qumun altında kiminsə qalması ilə bağlı olub. Buna görə də əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, eləcə də ağır texnika cəlb edilib.

Şahidlərin bildirdiyinə görə, hadisə nəticəsində dünyasını dəyişən orta yaşlı kişi sürücü imiş və o, atasına zəng edərək avtomaşının əyləc sisteminin sıradan çıxdığını, yüksək sürətlə hərəkət etdiyini deyib. Ancaq sonradan onun özünü avtomaşından kənara atmaq istəməsi faicə ilə nəticələnib.

Yol qəzasının təfərrüatları ilə bağlı Yasamal RPİ-nin istintaqçıları araşdırma aparır. Polis yük maşınının əslində əyləc sisteminin, yoxsa təkərinin sıradan çıxması ilə bağlı səsləndirilən ehtimalların üzərində də işləyir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR