Milli Şura Bakıda mitinq keçirdi - YAP-DAN REAKSİYA

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

APA TV-nin xəbərinə görə, aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.

 

Bu aksiyada sentyabrın 23-dəki mitinqdən daha az vətəndaşın iştirakı müşahidə olunub. Aksiya insidentsiz başa çatıb.

 

Bakı şəhər Baş Polis İdarəsinin aksiya ilə bağlı yaydığı məlumatda isə bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

Milli Şuranın bu gün keçirdiyi mitinqə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib ki, mitinq xaricdəki ermənipərəst qüvvələrin sifarişi ilə təşkil olunub: "Bu toplantının məqsədi nədir? Ən başlıca isə bu toplantı kimin sifarişlərini yerinə yetirir? Milli Şuranın. Haradan qaynaqlanır? Hansı dəyirmana su tökür? Bu, Azərbaycan cəmiyyətinə bəllidir. Keçən həftə də onlar mitinq keçirdi. Mitinqlərinə kimlər gəldi? Heç kim. 1500 nəfərdən artıq ora insan toplaşmadı. Aradan bir həftə, az bir müddət keçib, yenidən bir də cəhd edilir. Bu onu göstərir ki, bu gün o mitinq keçirənlər kənar mərkəzlərin, kənar qüvvələrin sifarişlərini yerinə yetirir. Azərbaycanı istəməyən, Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyən, Azərbaycanın iqtisadi nailiyyətlərinin, siyasi nüfuzunun getdikcə artmasını gözü götürməyən mərkəzlərin, qüvvələrin sifarişlərini yerinə yetirir və onların dəyirmanına su tökür. Onlar kimlərdir? Onlar var və ən başlıcası o mərkəz, o qüvvə bu gün Ermənistandır".

 

Aydın Hüseynov onu da qeyd edib ki, Ermənistan hakimiyyətinə xidmət edən qüvvələrin ölkəmizdə sabitliyi pozmaq cəhdləri bundan sonra da iflasa uğrayacaq.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR