Bakı Bulvarında xidmət edən xanım polislər: "Gücümüz çatmasa..." - REPORTAJ
Ötən həftədən etibarən Bakıda Dənizkənarı Milli Parkda xanım polislər kişi həmkarları ilə birlikdə xidmətə başlayıblar.
APA TV-nin xəbərinə görə, çavuş Aynur Əliyeva da onlardan biridir: "Biz asayişi qoruyuruq, ictimai asayişin qorunmasına xidmət edirik, saat 9-dan axşam 10-a kimi xidmət göstəririk. İctimai asayişi pozan xanımdırsa, biz özümüz ona yaxınlaşırıq. Əgər gücümüz çatmırsa, dərhal növbətçi hissədən əlavə kömək istəyirik".
Baş çavuş Eyvaz Kərimov deyir ki, Xanım polis əməkdaşları kişi həmkarları ilə birgə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin təmin olunmasında öz köməklərini əsirgəmirlər: "Xanım əməkdaşlarla çalışmaq bizim üçün çətin deyil, ictimai təhlükəsizliyin təmin edilməsində bizimlə birgə fəal iştirak edirlər".
Səbail RPİ-nin şöbə rəisi Anar Hüseynovun sözlərinə görə, əhalinin və turistlərin sıx olmasını nəzərə alaraq, Dənizkənarı Milli Parkda təhlükəsizliyin təmin edilməsi məqsədilə bayram və istirahət günlərində xanım polis əməkdaşları xidmətə cəlb ediliblər: "Heyət üzvü dörd elektromobildən ibarət dörd qadın əməkdaşla yanaşı, cəmi 12 Post Patrul Xidməti əməkdaşı buraya xidmətə çıxır. Xidmət iki hissədən ibarətdir, gecə növbəsi də var. Dənizkənarı Milli Parkın ərazisində xidmət Əl Oyunları Sarayından Saat Qülləsi istiqamətində iki ekipaj xidmət aparacaq, Saat Qülləsindən Dəniz Limanı istiqamətində də iki ekipaj xidmət edəcək".
Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərlərinə çatdırılıb.
Qeyd edək ki, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır. Onlar əsasən Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərirlər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub