Nazir: "Azərbaycan cins nisbətinin pozulduğu 8 ölkədən biridir"

"Azərbaycanda doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən nəzərəçarpan artımı, cins nisbətinin pozulması müşahidə edilir. Rəqəmlərə nəzər salsaq, görərik ki, bu heç də dini faktorla bağlı deyil".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 11 oktyabr - Beynəlxalq Qızlar Günü ilə əlaqədar xoşbəxt ata və qızların obrazını nümayiş etdirən, qız övladlarına doğma və mehriban münasibəti, onların dəyərini təbliğ edən fotosərgidə deyib.  

 

"Dünyada doğulanlar arasında qız-oğlan nisbətinin ən çox pozulduğu ölkə Çindir. Çində hətta müəyyən dövrdə hər 100 qıza doğulan oğlanların sayı 120-yə çatmışdı. Bu gün ilk 8-liyə baxsaq, bu nisbətin pozulduğu ölkənin üçü Qafqaz ölkələridir - Azərbaycan, Gürcüstan, Ermənistan. Digər 5-i isə Çin, Tailand, Hindistan, Pakistan, Vyetnamdır. Deməli, burada oxşar cəhətlər var, bunları araşdırmaq lazımdır" - deyən nazir qeyd edib ki, cins nisbətinin pozulmasının aradan qaldırılmasında ilk növbədə ictimai maarifləndirmə xüsusi önəm kəsb edir. Ona görə də Avropa İttifaqının və Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT Əhali Fondu tərəfindən birgə icra edilən iki layihə çərçivəsində Bakıda və ölkəmizin regionlarında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönələn müxtəlif formalarda kütləvi maarifləndirmə işləri aparılır. Hazırkı fotosərgi də belə tədbirlərdən biridir.

 

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən hazırda keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, bu sahədə BMT-nin Əhali Fondunun dəstəyini davam etdirəcəyini qeyd edib.

 

Daha sonra Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək bu kimi tədbirlərin önəmini diqqətə çatdırıblar.

 

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr - Beynəlxalq Qızlar Gününün təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR