Şəmkirdə xüsusi əməliyyat: MASKALI QULDUR DƏSTƏSİ ƏLƏ KEÇDİ
Şəmkirdə evə basqın edən maskalılar saxlanılıb. APA TV-nin qərb xəbərinə görə, oktyabrın 4-də axşam saat 21:00 radələrində iki maskalı şəxs Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini Yeganə Məmmədovanın yaşadığı mənzilə daxil olaraq ona və övladları - 15 yaşlı Səkinə və 9 yaşlı Əliyə zor tətbiq ediblər.
Ananı övladlarını öldürəcəyi ilə hədələyən maskalılar ondan həyat yoldaşı Zahid Məmmədovun Rusiyadan göndərdiyi pulu tələb ediblər: "Gözümü açanda gördüm ikisi də qızı döyür. Dedim ki, sizi and verirəm Allaha, uşağa dəyməyin, nə istəyirsiniz deyin, verim. Nə edirsiniz, mənə edin. Bir də deyin görüm siz niyə gəlmisiniz. Qayıtdı dedi ki, uşağı sakitləşdir, pul-qızıl ver, verməsən, sizi öldürəcəyik. Biz pula, qızıla gəlmişik. Dedim, yaxşı verəcəyəm, mənim uşağımı buraxın".
Məmmədovların evindən 140 manatı və 10 min rus rublunu quldurluq yolu ilə ələ keçirən çağırılmamış qonaqlar oranı tərk ediblər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumat daxil olduqdan sonra Şəmkir rayon Polis Şöbəsinin əməliyyat qrupu Yeganə Məmmədovanın yaşadığı mənzilə gəlib. Zərərçəkən və ətrafda yaşayan qonşuların izahatı alındıqdan sonra şübhəli kimi Zəyəm-Cırdaxan kənd sakinləri - əvvəllər məhkum olunmuş 35 yaşlı Toğrul və 21 yaşlı İlkin Babayevlər şübhəli kimi şöbəyə dəvət olunub. Şöbədə işin istintaqını aparan müstəntiq Elvin Gözəlovla söhbət zamanı Babayevlər quldurluq cinayətini törətdiklərini etiraf ediblər: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Zəyəm-Cırdaxan kənd sakinləri - Babayev Toğrul Vidadi oğlu və Babayev İlkin Telman oğlu şübhəli şəxs kimi tutularaq istintaqa təqdim olunub. Onların quldurluq yolu ilə əldə etdikləri pul yaşadıqları mənzildən aşkar olunaraq götürülüb".
Saxlanılan İlkin Babayev həmkəndlisi ilə cinayəti hələ 15 gün əvvəl planlaşdırdıqlarını, ancaq sonradan bu fikirdən daşındıqlarını deyib. Babayevlərin sonradan köhnə xəyallara qayıtmaları şeytanın ayağına yazılıb: "Qapını təpiklə vurub açdıq, içəri girdik. Mən qaranlıq olduğuna görə heç nə görmədim. Gəlin dedi ki, pulu verim, çıxın gedin. Bir az da qışqır-bağır salırdı. Pulu götürüb qaçdıq. Evin üst yanında meşəlik vardı. Oradan çay keçirdi. Əlcəklə maskanı da həmin çaya atdıq".
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub