Rəqs edən robot, pilotsuz avtomobil, iş axtaran gənclər - TƏHSİL SƏRGİSİNDƏN REPORTAJ

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi işə başlayıb.

 

APA TV-nin xəbərinə görə, sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilib.

 

Açılışda çıxış edən təhsil naziri Mikayıl Cabbarov  bildirib ki, 3 gün davam edəcək sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Onun sözlərinə görə, ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edib.

 

Daha sonra sərgi iştirakçıları stendlərlə tanış olub. Builki sərgidə ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alıb.

 

Burada Bakı Mühəndislik Universitetinin tələbələrinin hazırladıqları müxtəlif layihələri görə bilərsiniz. Elektriklə işləyən maşın, əlavə uçan dronlar... Bu gördüyünüz robot Uzundərə rəqsini oynaya bilir. Əlavə olaraq səstanıma xüsusiyyətlərinə malikdir.

 

Hazırda gördüyünüz bu maşını Bakı Mühəndislik Universitetinin tələbələri bir nümunə kimi hazırlayıblar: "Bu maşın 2015-ci ildə hazırlanıb. Hazırda üzərində işlər görülür. Ümumi 11 kilovatlıq batareya sistemi vardır. Təkəriçi motorlarımız vardır. Bu motorlar 8 kilovatlıq motorlardır. Maksimal sürəti 165 kilometr saatdır".

 

Hazırda dayandığımız stend isə Təhsil TV-nin stendidir. Təhsillə bağlı bütün yenilikləri Tv vasitəsilə izləmək mümkündür.

 

Sərgidə Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzləri də yer alıb: "Bizim universitet 1367-ci ildə yaranıb. Bu il sentyabrın 1-də universitetimizin 150 illiyini qeyd etdik. Bu, Macarıstanın ilk universitetidir. Bu təhsil ocağı tibb, iqtisadiyyat, dəqiq elmlər də daxil olmaqla 9 fakültəni birləşdirir. Bu tədris ilində universitetdə 20 mindən çox tələbə təhsil alır. Onların arasında azərbaycanlılar da var. Azərbaycanlılar burada əsasən iqtisadiyyat və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alır".

 

Sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Builki təhsil sərgisi geniş işgüzar proqramı ilə də fərqlənir. Sərgi iştirakçıları təhsil stendləri ilə tanış olduqdan sonra təklif olunan vakansiyalar üzrə müraciət ediblər.

 

- Bakı Dövlət Universitetinin məzunuyam. Hazırda magistratura və vakansiyalarla maraqlanıram. Burada bir neçə stendlə tanış oldum. Həmçinin "Gilan Holding" kimi şirkətin təklif etdiyi vakansiyalarla da tanış oldum.

 

- Sərgidə daha çox xarici universitetlərin stendləri ilə maraqlandım. Macarıstan universitetləri var idi ki, təqaüd proqramları təklif etmişdilər. Daha sonra "Gilan Holding"də təcrübə proqramları ilə maraqlandım. Hansı ki, tələbələr üçün ayrılıb, insan resursları bölməsi var, daha çox onunla maraqlandım. Gələcəkdə də müraciət edəcəyəm.

 

- İş üçün müraciət etmişəm. Vakansiyalar haqqında məlumat var. Bildirdilər ki, müraciət edənlər uyğun işlərlə təmin olunurlar.

 

- Bu gün işlə bağlı sərgidə iştirak edirəm. Bir sıra özəl şirkətlərlə maraqlandım. Mənim ixtisasıma uyğun vakansiyalar var. "Gilan Holding"ə müraciət etdim. Ümidvaram ki, işə qəbul olunaram.

 

"Gilan Holding"in işə qəbul üzrə meneceri Vüsal Muradov sərginin təşkilini yüksək qiymətləndirib: "Şirkətimiz hər il karyera sərgisində, təhsil sərgilərində gənclərlə, tələbələrlə karyera istiqamətində həm məsləhətlər vermək, həm də yaxından tanış olmaq üçün iştirak edir. Bu il də bu məqsədlə burdayıq. Müxtəlif qruplardan insanlar yaxınlaşır stendə - həm tələbələr olsun, həm işaxtaranlar olsun. Bu cür sərgilər çox gözəl platformadır ki, kütləvi şəkildə işəgötürənlər və işaxtaranlar cəmləşir və bir-biri ilə tanış olurlar. Biz də öz növbəmizdə aktiv, böyük maraqla iştirak edirik. Ötən illərlə müqayisədə deyə bilərəm ki, biz həqiqətən də bir çox dəyərli kadrı bu kimi sərgilərdən öz sıralarımıza cəlb etmişik. Bu il də ümidlərimiz yüksəkdir. İştirakçıları, işaxtaranları, tələbələri,  gəncləri sərgidə görməkdən məmnun olarıq. Yaxınlaşsınlar, "Gilan Holding"in iş imkanları haqqında suallarını verib cavablarını tapsınlar və bilsinlər ki, bizim potensial əməkdaşlarımız, işçilərimizdir. Sadəcə, bir az aktiv olmaqlarını məsləhət bilirəm".

 

Qeyd edək ki, sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkətidir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR