Mikayıl Cabbarov qəbul imtahanlarındakı dəyişikliklərdən danışdı

“Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”. APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

 

O bildirib ki, 2017/2018-ci tədris ilində rekord sayda - 37500-ə yaxın abituriyent tələbə adını qazanıb: "Xüsusi olaraq vurğulamaq istərdim ki, bu, orta qəbul balının artması ilə bərabər olub. Yəni tələbə sayının artmasına səbəb ali məktəblərə qəbul meyarların aşağı salınması deyil, keyfiyyət meyarının qorunub saxlanmasıdır. Bu o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur".

 

Nazir  buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib. Qeyd edib ki, ilk dəfə olaraq bu sahə ilə məşğul olan Təhsil Nazirliyi  və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il öncə xəbər verilibBu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradıb.

 

M.Cabbarov qeyd edib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir: "İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il öncə tətbiq olunan bir  sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. 9 il əvvəl məktəblərdə yeni tədris proqramı (kurrikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir. Bu sahə ilə məşğul olan həmkarlarımız digər qonşu ölkələrin də təcrübəsini öyrənib baxarsa, aşkarlanar ki, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklər heç də unikal deyil. İki qonşu dövlətdə - Rusiya və Türkiyədə də oxşar proseslər gedib". 

 

Ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirən təhsil naziri   deyib ki, Nazirlər Kabineti  qaydaları təsdiqləməlidir. Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək. Hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR