Əli Həsənov: “Təəssüf ki, mediada dövlət dilinin normalarına uyğun olmayan söz və ifadələr işlədilir”
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans başlayıb.
APA TV-nin məlumatına görə, konfransı açan MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu tədbirin hər kəs üçün mənəvi məsuliyyət məsələsi olan ana dili ilə bağlı olduğunu söyləyib.
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin dövlət dilinin qorunması və inkişafı ilə bağlı fəaliyyətinə toxunub, dövlət başçısının bu istiqamətdə mühüm addımlar atdığı vurğulayıb. O əlavə edib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: "Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır”.
Əli Həsənov aidiyyəti qurumların bu təsirlərə qarşı ciddi mübarizə aparmadığını deyib: “Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və sair məsələlər sərəncamda xüsusi qeyd olunur”.
Əli Həsənov təəssüflə əlavə edib ki, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: “Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib. Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir”.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli verilişlərə dəvət olunanların məişət, danışıq dilindən istifadə olunmasına qarşı çıxmadıqlarını söyləyib: "Biz sadəcə, diktor və aparıcıların ədəbi dil normalarını qorumasından, bununla da qızıl ortanın tapılmasından danışırıq".
Mətbuat Şurasının sədri Əflatun Amaşov ənənəvi media ilə müqayisədə elektron mediada ədəbi dil normalarının daha çox pozulduğunu söyləyib, bunun qarşısının alınmasının zəruriliyini vurğulayıb.
Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Azərbaycan dilinin normalarının yazıçı dili hesabına formalaşdığını nəzərə çatdırıb.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qeyd edib ki, dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir.
K. Abdulla aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub