"Müəllimlər hər şeyi öyrədir, amma təqaüd azdır" - PEŞƏ LİSEYLƏRİNDƏ PROBLEMLƏR

Elgün 12 saylı Bakı Peşə Liseyində təhsil alır. Oymaçı olmaq arzusundadır. Amma təqaüdünün azlığından şikayətçidir. Deyir ki, ağac üzərində bədii oyma sənətinin öyrənilməsində lazım olan vəsaiti əldə etmək üçün təqaüdü kifayət etmir: "Peşə liseyini öz arzumla seçmişəm. Oymaçılıq həm də çətin peşədir. Amma bu sahəyə marağım böyükdür. Taxta üzərində işləyirik. Hələ ki müəllimim əl işlərimdən razıdır. Elə özüm də zövq alıram əl işimdən. Yaxşı emalatxanamız olmasını istəyərdim. Bir də təqaüdümüzün yaxşı olmasını istəyirəm".

 

Ramil də Elgünlə bir qrupda təhsil alır. Ağac üzərində bədii rəssam olmaq arzusu gətirib onu bu təhsil ocağına: "Peşəmi özüm seçmişəm. Valideynlərim seçimi özümə buraxdı. Müəllim sənətin bütün incəliklərini öyrədir. Amma təqaüdümüz azdır. İstəyərdim artırılsın".

 

Son dövrlər üz tutduğumuz müxtəlif peşə sahibləri, sənətkarlar - çilingərlər, elektriklər, dərzilər, bərbərlər tez-tez bizi məyus edir, işimizi yarıtmırlar. Səbəb də odur ki, onların əksəriyyəti öz peşələri üzrə müvafiq təhsil ocaqlarının - peşə məktəblərinin diplomunu almayıblar.

 

Ömrünün 35 ilini ağac üzərində bədii oyma sənətinə həsr edən Nizami Mustafayev istehsalat təlim ustasıdır. 12 saylı Bakı Peşə Liseyində çalışır.

 

Nizami müəllim deyir ki, peşə məktəblərində təhsil vacibdir: "Sözün əsl mənasında bu gün peşəyə maraq ali təhsilə maraqla ayaqlaşır. Buna səbəb ali təhsil müəssisəsini bitirənlərin imtahan vasitəsilə işə qəbuludur, amma peşə sahiblərinin bilavasitə çörəyi əl əməyindən çıxır. Bu gün peşəsini mükəmməl mənimsəyən gənc istənilən vaxt əl qabiliyyəti ilə iş tapır".

 

"Ölkədə peşə təhsilinə münasibət tam formalaşmayıb" - deyən mütəxəssisin sözlərinə görə, yaşadığımız dövrün tələbatı sənətə olan marağı daha da artırıb.

 

İndi dövr dəyişib, yaxşı ustalar, sənətkarlar sovet dönəmindəkindən qat-qat çox qazana bilirlər. Amma valideynlər hələ də övladlarını həkim və hüquqşünas görmək istəyirlər: "Bu peşə təhsilinə sevərək gələnlər də var, təsadüf nəticəsində bu peşəni seçənlər də. Yəni peşəsini sevən hər bir gənc düşünür ki, bu onun çörək mənbəyidir, sənətidir, bunu əvvəlcə inkişaf etdirib sonra qazanmalıdır. Yaxşı olardı ki, peşə məktəblərinə seçim müsabiqə yolu ilə olsun".

 

Oymaçı bildirir ki, hazırda ölkəmizə çoxlu turist axını olduğuna görə milli üslubda suvenirlərə tələbat daha çoxdur.

 

Azərbaycanda yeni hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə yönümü və işəgötürənlərə əməkdaşlıq şöbəsinin müdiri Eldar Salahov bildirib ki, qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir: "Bu gün iqtisadiyyatımızda peşə təhsilinin rolu danılmazdır. Yeni qanun layihəsində peşə təhsili dünya praktikasında mütərəqqi yer almış qanun layihələrinə uyğunlaşdırılıb. Məqsəd işə götürənlərin inteqrasiyasını təmin etmək, o cümlədən peşə müəssisələrini bitirib təhsil alanların işlə təmin olunmasına qanun çərçivəsində dəstəyin göstərilməsidir".  

 

Bu qanun layihəsinin həyata keçirilməsi, həm təqaüdlərin, həm də müəyyən peşə sahələri üzrə məşğul olan tələbələrə əmək haqqının verilməsi Azərbaycan gənclərinin vaxt itkisinə yol vermədən birbaşa peşə məktəblərinə meyllənməsinə gətirib çıxardacaq. Üstəlik, onların işlə təmin edilməsi də yüksək səviyyədə olacaq.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR