Həkim: "Rafiq Hüseynovun səhhəti ağır, lakin stabildir"
"Xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru, kino redaktoru Rafiq Hüseynovun səhhəti ağır, lakin stabildir. O, hazırda reanimasiyadadır".
Bunu APA TV-yə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimatoloqu Samirə Məmmədova deyib.
Onun sözlərinə görə, dörd il öncə ümumi halsızlıq problemi ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən xalq artisti Rafiq Hüseynovun üzərində aparılan müayinələr nəticəsində xəstədə sol ağciyərin törəməsi aşkarlanıb:
"Xalq artisti uyğun ixtisaslaşmış klinikaya yönəldilib. Bundan sonra xəstəyə luboktamiya olunub və kimyəvi terapiyalar alıb. Xalq artistinin səhhətində bir neçə il idi stabilləşmə müşayiət olunurdu. Lakin bir neçə ay əvvəl Rafiq Hüseynov yenidən xəstəxanaya müraciət edib. Növbəti dəfə qoyulan diaqnoz isə keçirilmiş insultun qalıqları idi. Aparılan müayinələr nəticəsində məlum oldu ki, radioloji müayinələr əsasında xəstənin yoğun bağırsağında törəmə var. Xəstə yenidən uyğun istiqamətə yönəldildi, diaqnoz müəyyənləşdirildi".
Bu ilin avqust ayında Rafiq Hüseynovun üzərində Türkiyədə yoğun bağırsağın rezeksiyası əməliyyatı icra olunub:
"İcra olunmuş əməliyyatdan sonra stasionar müalicə alıb, kafi vəziyyətdə Bakıya göndərilib ordakı onkoloqların rəyi nəticəsində. Evə qayıtdıqdan sonra, həyat yoldaşının dediyinə görə, xəstənin vəziyyəti yenidən ağırlaşıb. İki gün sonra Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Hazırda vəziyyəti ağır, lakin stabildir. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Keçirdiyi bir neçə əməliyyatı nəzərə alsaq, xəstənin orqanizmi çox zəifləyib. Uyğun müalicə, intensiv terapiya tədbirləri davam etdirilir. Hər bir xəstəyə göstərdiyimiz diqqət kimi əlimizdən gələni əsirgəmirik ki, vəziyyəti stabilləşsin. Ümid yaxşıyadır. Gözləyək görək necə olacaq".
Samirə Məmmədova qeyd edib ki, Rafiq Hüseynovun huşu özündədir:
"Lakin süni tənəffüs aparatında olduğuna görə danışa bilmir".
Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova ilə telefon əlaqəsi saxladıq. Bildirdi ki, Mərkəzi Neftçilər Xəstəxanasındakı həkimlərin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi kömək sayəsində xalq artistinin durumu stabilləşir. Xalq artistini Almaniyadan gələn həkimlər də yoxlayıb.
Ustada Allahdan şəfa diləyirik.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub