III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatdı

Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, "Gilan Holdinq"in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, bu münasibətlə oktyabrın 5-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə əvvəlcə beynəlxalq müsabiqə iştirakçılarının memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirilib. Müsabiqəyə təqdim olunmuş bütün işlərin sərgisi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

 

Tədbirdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, beynəlxalq təşkilatın Şura üzvü Patrik Kolombye, Beynəlxalq Memarlıq İttifaqının sabiq baş katibi Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali çıxış edib. Natiqlər iki ildən bir Bakıda keçirilən bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olub və burada iştirak edənlərin sayı getdikcə artmaqdadır.

 

Elbay Qasımzadə Azərbaycanda memarlığın inkişafına göstərilən dövlət qayğısından, gənclərin bu sahəyə marağından danışıb. O qeyd edib ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən hazırda dünyada 5 müsabiqə keçirilir ki, bunun biri də Bakı Beynəlxalq Memarlıq Müsabiqəsidir.

 

İlk müsabiqədə Azərbaycanı 4, ikinci müsabiqədə 18, üçüncü müsabiqədə isə 53 memar təmsil edib. Məlumat verilib ki, bu müsabiqədə 22 ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Səudiyyə Ərəbistanı, Yunanıstan, Şri Lanka, Vyetnam, Rumıniya, Fransa, Çexiya, Gürcüstan, Əfqanıstan, Yaponiya, Qabon, Pakistan, Malayziya, Qırğızıstan, İran, Cənubi Afrika Respublikası) 156 iştirakçının əsərləri təqdim edilib.

 

Müsabiqə 8 nominasiya üzrə keçirilib və təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Sonra müsabiqənin nəticələri elan olunub, qaliblərə pul mükafatı və hədiyyələr verilib.


 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR