Bakıda dünyanın məşhur boksçularının iştirak etdiyi tədbir başa çatıb

Bakıda keçirilən Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə WBC prezidenti Maurusio Süleyman paytaxtımızda görülən işlərlə bağlı hesabat verib.

 

Konvensiyanın Bakıdakı iclasından danışan Süleyman bildirib ki, qurumun üzvü olan bir çox insanlar Azərbaycana gələrək, fikir mübadiləsi aparıblar: "Hakimlər və münsiflər üçün iclaslar keçirildi. Tibbi və Hüquq Komitələri bir sıra mövzuları müzakirə etdilər. Həmçinin, təhlükəsizliyik məsələlərini danışdıq və 2018-ci il üçün tədbirlər planı təsdiq olundu" - deyə, o qeyd edib.

 

O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərindən də danışıb: "Azərbaycan prezidenti bizi çox isti qarşıladı. Xarizmaya malik böyük bir insandır. Milli Olimpiya Komitəsinin prezidentidir. Bu səbəbdən idmana yaxındı. Onun verdiyi dəstək idmançılar üçün stimuldur. Ondan aldığımız mesaj çox xoş idi. Hər birimiz Azərbaycanı buranın səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölkələrdə Azərbaycanı tanıdacağıq və təbliğ edəcəyik".

 

WBC prezidentinin sözlərinə görə, döyüşlərdən biri Bakıda keçiriləcək. O, bunun yaxın gələcəkdə baş verəcəyinə dair söz verərək əlavə edib ki, konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın qurumu üzv olması bir başlanğıcdır. Yaxın gələcəkdə burada döyüşlər də təşkil etmək barədə planlar var.

 

Bundan başqa Maurusio Süleyman bildirib ki,  Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. "Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın" - deyə, Süleyman vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq. O, ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inandığını deyib.  

 

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR