35 ilin məktəb direktoru: "Şagirdləri maşınımda futbola aparırdım" - REPORTAJ

Bu gün Ümumdünya Müəllimlər günüdür. Elə bugünkü süjetimizin qəhrəmanı da müəllimdir, ömrünün yarıdan çoxunu gənc nəslin təlim-tərbiyəsi işinə həsr edib.

 

Alla Vəzirova... Bu ad Azərbaycanın və xüsusən paytaxt Bakının pedaqoji ictimaiyyətinə yaxşı tanışdır. O, ölkəmizin ən stajlı məktəb direktorlarından biridir. Alla xanım 35 ildir direktor işləyir. Bakının Xətai rayonundakı 269 saylı məktəbin fəaliyyətə başladığı ilk gündən ona rəhbərlik edir.

 

Lakin Alla Vəzirova deyir ki, özünü heç vaxt təhsil ocağının rəhbəri kimi hiss etməyib, otağının qapısı həmişə müəllim və şagirdləri üçün açıq olub, şagirdlərlə direktor kimi deyil, onlara yaxın dostu, rəfiqəsi kimi davranıb: "Uşaqları maşınıma yığıb həmişə futbola, basketbola, cürbəcür yarışlara aparırdım. Bəlkə buna görə məni uşaqlar sevirdilər Həmişə demişəm ki, hər bir vaxt kabinetim açıqdır. Ona görə bir də görürdüm, hansısa uşaq gəldi ki, müəllim məni sevmir, istəmir, xoşlamır. Belə hallarda individual söhbətlər aparırıq həm müəllimlə, həm də şagirdlə. Onları barışdırmaq kimi deyil, onlara başa salırdıq ki, hər kəsin öz vəzifəsi var".

 

Alla xanımın sözlərinə görə, 269 saylı məktəbin məzunları arasında gəlib orada müəllim işləyənləri də var, öz uşaqlarını bu məktəbə gətirənlər də. O hesab edir ki, müəllim üçün əsas xoşbəxtlik şagirdlərinin sevgisini qazanmaqdır: "Çağırırlar ki, Alla müəllimə gəlin-gəlin. Elə sevinirəm ki. İnanırsınız, elə bil doğma adamlarımı görürəm. Çoxu dəyişilib, amma bu göz hissəsi heç vaxt dəyişmir, ondan sənin şagirdin olduğunu tanıyırsan. Son zəngdə gəlirlər, arada gəlirlər, məndə elə uşaqlar var ki, deyir Alla müəllimə, sessiyam var, amma mən sizi görmək istədim. Adama çox xoş gəlir ki, səni sevən, istəyən var".

 

Alla Vəzirova deyir ki, bu günə kimi şagirdlərinə verdiyi ən böyük cəza töhmət olub. Şagirdləri zərərli vərdişlərdən uzaqlaşdırdığı üçün bu gün də ona təşəkkür edirlər: "Girdim birbaşa qışqıra-qışqıra tualetə, gördüm sıra ilə düzülüb siqaret çəkirlər. Gətirdim kabinetə, dedim bu saat valideynini çağırıram və səni kənarlaşdırıram. "Alla müəllimə, qurban olum, mən ömrümdə bir də əlimə siqaret almayacağam, valideynimi çağırmayın". 3 il keçdi, məktəbi bitirəndən sonra gəlib deyir ki, Alla müəllimə, məni elə qorxutdunuz ki, mən bir də əlimə siqaret almıram".

 

Qeyd edək ki, prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncama əsasən, Alla İqoryevna Vəzirova Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Bayramınız mübarək, əziz müəllimlər!

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR